Qarabağ Universitetinin tələbələri bu universitetin də diplomunu alacaq - AÇIQLAMA

"Qarabağ Universiteti ilə Türkiyənin İstanbul Texnik Universiteti arasında 5 il müddətinə müqavilə imzalanıb. Bu müqavilənin əsas səbəbi və məqsədi ondan ibarətdir ki, bu müddət ərzində Azərbaycan tələbələri Türkiyənin professor-müəllim heyəti tərəfindən 3 il müddətində təhsil alacaqlar".
Tehsilmedia.com xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlamasında "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi.
O əlavə etdi ki, tələbələr dördüncü il isə Türkiyədə yerləşən həmin İstanbul Texnik Universitetində öz ixtisaslarının sonuncu pilləsini həm praktiki, həm də nəzəri olaraq davam etdirəcəklər.
"Bunun üstünlüklərindən biri budur ki, böyük və təcrübəli bir universitetin elektronika, mexanika, eyni zamanda inşaat istiqamətində olan təcrübəsi məhz Qarabağ Universitetində tədris olunacaq. Bu, həm tələbələr, həm də universitet, yəni Qarabağ Universiteti üçün böyük və əlamətdar bir hadisədir. Onlar gələcəkdə yaxşı ixtisaslaşmış kadr kimi formalaşacaqlar. Eyni zamanda, ikili diplom çərçivəsində İstanbul Texnik Universitetinin də diplomunu əldə edəcəklər. Düşünürəm ki, bu, tələbələr üçün xüsusi bir üstünlükdür və Qarabağ Universitetinin növbəti uğurudur. Düşünürük ki, Qarabağ Universiteti növbəti addımlarda da bu kimi ikili diplom proqramlarına imza atacaq və universitetin daha yüksək səviyyəyə qaldırılması üçün çalışacaq".




























