"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, hər bir müəllimin hər süni intellekt asistenti ola bilər və müəllimləri süni intellektlə işləmək üçün hansısa təlimlərə cəlb etmək lazımdır.
Tehsilmedia.com bildirir ki, DİM sədrinin fikrini Redaktor.az-a şərh edən Azərbaycan dili və ədəbiyyat müəllimi Muradxan Hüseynov təklifi doğru hesab etdiyini qeyd etdi:
"Çünki artıq inkişaf etmiş dövrdə müəllimlərin də bu süni intellektlə işləmək bacarığı olmalıdır. Bilirik ki, elm yerində dayanmır, daim inkişaf edir. Müəllimlər də elmin, biliyin bir parçasıdır. İnkişafdan geri qalmaq olmaz. Bu baxımdan da düşünürəm ki, müəllimlərin süni intellektlə bağlı işləməsi lazımlı və vacibdir. Amma məsələ bundadır ki, görək müəllimlərdə bu texniki cəhətdən mümkün olacaqmı? Məsələn, elə bölgələr var ki, orada internet zəifdir. Elə bölgələr var ki, mobil telefonlar və ya planşetlər əlçatan deyil. Yəni bu məsələ texniki cəhətdən, məncə, hamıda eyni bir səviyyədə olsa, məncə, mümkün ola bilər".
Onun sözlərinə görə, bu, hər şeydən öncə texniki cəhətdən mümkün olmalıdır:
"Yəni internet, mobil şəbəkələr, planşetlər və digər texniki vasitələr olmalıdır ki, müəllimlər də süni intellektlə işləməyi bacarsınlar. Düşünürəm ki, bu da yerində deyilmiş bir ifadədir və hökmən müəllimlər elmin, texnikanın inkişafını daim izləməli və onun bir parçasına çevrilməlidirlər".




























