Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Universitet illərində bölgələrdən Bakıya və digər şəhərlərə təhsil almaq üçün gələn tələbələrin qarşılaşdığı əsas məsələlərdən biri yaşayış yeridir. Bu baxımdan universitet yataqxanaları tələbələr üçün həm əlçatan olur, həm də kirayə evlərin qiymətlərindən daha ucuz, sərfəli qiymətə yaşayış imkanı yaradır. Lakin yataqxanaların sayı, tutumu, ödəniş məbləği və tələbələr üçün yaradılan şərait ali məktəbdən ali məktəbə dəyişir.
Bəzi universitetlərdə tələbələr üçün kifayət qədər yataqxana yeri olduğu halda, bəzilərində mövcud binalar başqa məqsədlərlə istifadə edilir və ya tələbələrin istifadəsinə verilə bilmir.
Bəs ali təhsil müəssisələrində hazırda yataqxana imkanları necədir? Tələbələr üçün neçə yer var, aylıq ödənişlər nə qədərdir və yerləşdirmə zamanı hansı kateqoriyadan olan tələbələrə üstünlük verilir?
Tehsilmedia.com xəbər verir ki, “Azərbaycan müəllimi” bu suallara cavab tapmaq üçün bir sıra ali təhsil müəssisələri arasında sorğu keçirib.
ATU-da yataqxana üçün müraciət edənlər cavabsız qalmır
Azərbaycan Tibb Universitetindən verilən məlumata görə, tələbələr üçün 5 yataqxana binası fəaliyyət göstərir. Lakin onlardan biri hazırda təmirə bağlanıb: “1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələr, 6 saylı yataqxanada ATU-da təhsil alan Azərbaycan vətəndaşı olan oğlan tələbələr, 5 saylı yataqxanada isə xarici tələbələr yerləşdirilir. Təmirə dayanmış yataqxana istisna olmaqla, hazırda yatqxanaların ümumi tutumu 965 nəfərə yaxındır.
Yataqxananın aylıq ödənişi yataqxanadan asılı olaraq, tələbə sayı və 1, 2, 3 və 4 nəfərlik otaq sayına əsasən dəyişir.
Məbləğ orta hesabla 60, əcnəbi tələbələri də nəzərə alsaq, 120 manat arasında dəyişir. Tək nəfərlik otaqlar ayda 120 manat, 2 nəfərlik otaqlar ayda 80 manat, 3-4 nəfərlik otaqlar isə 60 -70 manat təşkil edir. Tələbə bu ödənişdən əlavə, heç bir kommunal xərc ödəmir. Heç bir depozit tələb olunmur, yalnız ilin əvvəlində müqavilə bağlanılır və illik yataqxana haqqı ödənilir.
Azərbaycan Tibb Universitetindən qeyd edilib ki, şəhid ailələri və qazilərin istər sosial müdafiəsi, istərsə də onların təhsil və səhiyyə ehtiyaclarına hər zaman xüsusi həssaslıqla yanaşır. Universitetdə bu kateqoriyadan olan şəxslər üçün tətbiq olunan əsas güzəşt və dəstək tədbirlərinə yataqxana təminatı və güzəştləri də daxildir. Belə ki, ATU-nun tələbə yataqxanalarında şəhid ailələrindən olan tələbələr ilk növbədə və tam ödənişsiz əsasda yerləşdirilir. Qazilərin övladlarına və I qrup əlil valideyni olan tələbələrə də xüsusi güzəştlər tətbiq olunur: “Ümumiyyətlə isə bu gün ATU-ya yataqxana təminatı ilə bağlı edilən heç bir müraciət cavabsız qalmır və kifayət qədər yer olduğu üçün hər kəs, o cümlədən də xarici tələbələr müvafiq ödənişlər əsasında bu imkanlardan yararlana bilir”.
Köçürülmə yekunlaşdıqdan sonra yataqxanalarla bağlı qərar veriləcək
Azərbaycan Texniki Universitetindən bildirilib ki, yataqxana binalarında hazırda 114 məcburi köçkün ailəsi məskunlaşıb:
“Əvvəllər bu binalarda 124 məcburi köçkün ailəsi yaşayırdı, onlardan 10 ailə işğaldan azad edilmiş ərazilərə köçürülüb. Qalan 114 ailə isə hazırda yataqxana binalarında yaşayır.
Binaların ümumi vəziyyəti yaşayış standartlarına cavab vermir. Su, qaz və elektrik xətləri, habelə kanalizasiya sistemi məcburi köçkün ailələri tərəfindən fərdi qaydada dəyişdirilib. Ərazidə vaxtilə fəaliyyət göstərmiş idman, sağlamlıq və ictimai iaşə obyektləri, eləcə də ətraf yollar və yaşıllıq sahələri tamamilə yararsız vəziyyətə düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxanaların ya əsaslı təmiri, ya da sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək”.
UNEC-in 5 yataqxanası məcburi köçkünlərin istifadəsindədir
Azərbaycan Dövlət İqtisad Universitetindən qeyd edilib ki, ümumilikdə 5 yataqxanaları var:
“Bu yataqxanalarda uzun illərdir ki, məcburi köçkünlər məskunlaşıb. Ona görə də tələbələrin istifadəsinə verilə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə verilə bilinəcək. Zaqatala filialında isə 245 nəfərlik müasir yataqxana var. 155 tələbə üçün nəzərdə tutulub”.
Burada ancaq qız tələbələr üçün yer olur
Azərbaycan Dövlət Pedaqoji Universitetindən verilən məlumata görə, Bakı şəhərində 5 tələbə yataqxanaları var:
“Lakin bu yataqxanaların 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb.
ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək qız tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir.Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur”.
“Balansımızda yataqxana yoxdur”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də qeyd edilib ki, balanslarında yataqxana yoxdur:
“Yataqxanada illərdir ki, qaçqın və məcburi köçkünlər məskunlaşıb, buna görə ADMİU-nun balansında deyil”.
BDU-da yataqxanaya sosial həssas qruplardan olan tələbələrə üstünlük verilir
Bakı Dövlət Universitetindən bildirilib ki, 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” 2021-ci ildə istifadəyə verilib, həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub:
“Ən müasir standartlara cavab verən "Tələbə evi"ndə otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin edilib. Yeməkxana bütün zəruri avadanlıqlarla təchiz edilib. Yatqxanaya əsasən şəhid və qazi övladları, valideynlərini itirmiş, sosial həssas təbəqədən olan şəxslər qəbul edilir.
Aylıq ödəniş 75 manatdır. Tələbələr yataqxananın şəraiti ilə bağlı şikayət və təkliflərini BDU-nun rəsmi elektron hesablarına göndərə bilərlər. Yeni yataqxananın tikintisi ilə bağlı dövlət-özəl əməkdaşlığı formatında müzakirələr davam edir”.
TAU-nun yeni kampusunda yataqxana da olacaq
Türkiyə-Azərbaycan Universitetindən qeyd edilib ki, TAU yeni fəaliyyətə başlamış təhsil ocağıdır:
“Universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər mütəmadi şəkildə davam etdirilir.
Eyni zamanda yaxın gələcəkdə universitetimizin yeni kampusunun inşası planlaşdırılır. Kampusda yataqxana və daha keyfiyyətli tədris şəraitinin təşkil olunması üçün bütün digər lazımi məsələlər nəzərə alınacaq”.
BMU-da sosial həssas qrupa aid olan tələbələr yataqxana haqqından azaddır
Bakı Mühəndislik Universitetindən verilən məlumata görə, tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir:
“Oğlan və qızlar üçün 342 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir. Hər il onlayn formada qeydiyyat yenilənir. Bununla bağlı elan universitetin saytında və sosial şəbəkə hesablarında yerləşdirilir. Müraciətlərə baxılarkən şəhid ailələrinin üzvlərinə və Qarabağ müharibəsi iştirakçılarına üstünlük verilir. Sosial həssas qruplara aid tələbələr yataqxana xərclərindən azad olunur. Otaqların hər biri 4 nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur”.
BANM-də “Tələbə evi” ödənişsizdir
Bakı Ali Neft Məktəbindən bildirilib ki, kampus ərazilərindəki “Tələbə evi”ndə həm yerli, həm də əcnəbi tələbələr yaşayırlar:
“Hazırda yeni qəbul olunmuş tələbələrin “Tələbə evi”nə qeydiyyatı prosesi davam etdiyindən hazırkı yaşayış sayı barədə dəqiq məlumat təqdim etmək mümkün deyil. “Tələbə evi”ndən istifadə üçün rayon qeydiyyatında olan tələbələrə üstünlük verilir. Daha sonra seçim prosesində internat məktəblərindən məzun olmuş, birinci dərəcə əlilliyi olan, şəhid övladı olan tələbələr, qazilərin övladları, valideyn himayəsindən məhrum olmuş, ailəsinin maddi təminatı ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan aşağı olan tələbələr, məcburi köçkünlük statusu olub, Bakı və Sumqayıt şəhərlərində yaşamayan tələbələr iştirak edə bilərlər.
Bakı Ali Neft Məktəbinin “Tələbə evi” tələbələr üçün tamamilə ödənişsizdir. Bu səbəbdən tələbələrdən aylıq yaşayış haqqı tutulmur.
Bu “Tələbə evi”nin yeməkxanadan başqa, həm də müasir idman infrastrukturu, mütaliə otaqları, fitnes zalı, açıq idman sahələri və futbol meydançası fəaliyyət göstərir.
Hazırda yeni yataqxananın tikintisi və ya mövcud yataqxana infrastrukturunun genişləndirilməsi ilə bağlı plan nəzərdə tutulmur. Mövcud infrastruktur tələbələrin yerləşdirilməsi üçün kifayət edir.
Tələbələr yataqxana ilə bağlı şikayət, təklif və müraciətlərini universitetin müvafiq struktur bölmələrinə və “Tələbə evi”nin administrasiyasına təqdim edə bilərlər. Daxil olan müraciətlər aidiyyəti üzrə nəzərdən keçirilir və zəruri tədbirlər görülür”.
































