"PISA elə bir şkala, ölçüdür ki, burada qiymətləndirmə təhlil olunmuş faktlar əsasında aparılır"
PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələri bu gün elan olundu.
"PISA elə bir şkala, ölçüdür ki, burada qiymətləndirmə təhlil olunmuş faktlar əsasında aparılır."
Tehsilmedia.com xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı öz feysbuk hesabında qeyd edib.
Nəticələr bizə nə deyir?
- Azərbaycan PISA nəticələrində irəliləyiş göstərən 16 ölkə arasındadır.
- PISA şkalasında 20 bal təxminən bir tədris ilinə bərabər hesab olunur.
- PISA 2025 nəticələrinə əsasən, bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib: təbiət elmləri üzrə 34, riyazi savadlılıq üzrə 16 və oxu üzrə 18 ölkə.
Azərbaycan isə nəinki irəliləyənlər sırasındadır, hətta hər üç istiqamət üzrə dünyada ən böyük sıçrayış edən 2-ci ölkədir: riyaziyyatda 63, təbiət elmlərində 60, oxuda 40 bal artım.
- Beynəlxalq təcrübə göstərir ki, oxu savadlılığı PISA çərçivəsində irəliləyiş əldə olunması ən çətin sahələrdən biridir. Bu bacarıq konkret fənn biliyindən daha çox uzunmüddətli mütaliə vərdişləri və mətnlə işləmə mədəniyyəti ilə birbaşa bağlıdır. Məhz buna görə də oxu üzrə əldə edilən hər bir bal davamlı və sistemli fəaliyyətin nəticəsidir.
- Riyaziyyat üzrə Bakı 460 balla İƏİT üzrə orta göstəriciyə (463 bal) yaxınlaşaraq inkişaf etmiş ölkələrlə eyni səviyyədə qərarlaşıb. 2018-ci illə müqayisədə də hər üç istiqamət üzrə orta hesabla 35 bal irəliləyiş qeydə alınıb.
- Baza səviyyəsinə çatmayan şagirdlərin payına gəldikdə isə deyə bilərik ki, Riyaziyyat üzrə bu pay 2022-ci ildəki 61,9 faizdən 37 faizə, təbiət elmləri üzrə 65,9 faizdən 38,3 faizə, oxu savadlılığı üzrə isə 69,2 faizdən 50,9 faizə azalıb.
PISA 2025 tətqiqatı şagird nəticələrində əhəmiyyətli dərəcədə irəliləyişin olduğunu göstərir. Bu, təhsil sahəsində aparılan uzunmüddətli islahatlar, müəllim əməyi və valideyn dəstəyinin birgə nəticəsidir.





























