ADNSU-da kafedralar niyə birləşdirilir: optimallaşdırma, yoxsa akademik qarışıqlıq?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində aparılan struktur dəyişiklikləri ciddi suallar doğurur.
ADNSU-nun 26 may 2026-cı il tarixli rəsmi məlumatına görə, Elmi Şuranın iclasında universitetin fakültə və kafedra strukturunun optimallaşdırılması ilə bağlı təkliflər təqdim edilib. İclas rektor Rüfət Əzizovun sədrliyi ilə keçirilib.
Universitetin hazırkı açıq məlumatlarında isə hələ də 7 fakültə və 24 kafedranın fəaliyyət göstərdiyi qeyd olunur. Belə olan halda ortaya çox sadə, lakin prinsipial sual çıxır: struktur dəyişiklikləri ilə bağlı konkret qərar nədir və bu qərarın icrası necə aparılır? Məsələ təkcə kafedraların sayının azaldılması deyil.
Təhsil müəssisəsində kafedraların birləşdirilməsi zamanı əsas məsələ akademik uyğunluq olmalıdır. Hansı kafedra hansı fənləri tədris edir? Müəllim hansı ixtisas üzrə hazırlıq keçib? Fənnin tədrisi hansı kafedranın səlahiyyətinə daxildir?
Məsələn, ADNSU-nun rəsmi materiallarında “Ümumi və tətbiqi riyaziyyat” ayrıca kafedra kimi göstərilir. Universitetin məlumatlarında bu kafedranın müəllimlərinin riyaziyyat və əlaqəli fənləri tədris etdiyi də görünür.
İndi isə universitet daxilində kafedraların birləşdirilməsi və dərs yükünün yenidən bölüşdürülməsi ilə bağlı məlumatlar ciddi maraq doğurur. Əgər həqiqətən bir ixtisas kafedrasına başqa istiqamətin fənlərinin tədrisi həvalə edilibsə, bunun akademik və hüquqi əsaslandırması ictimaiyyətə açıqlanmalıdır.
Çünki “optimallaşdırma” adı altında struktur dəyişmək başqa şeydir, ixtisas və fənn uyğunluğunu aradan qaldırmaq başqa.
ADNSU 2026/2027-ci tədris ili üçün professor-müəllim heyətinin qəbulu zamanı özü də namizədlərdən “müvafiq ixtisas üzrə” minimum magistr təhsili tələb etdiyini açıqlayıb. Elə isə sualımız sadədir:Müəllimdən müvafiq ixtisas tələb olunursa, kafedraların və fənlərin bölgüsündə də eyni akademik prinsip qorunurmu?
Təhsilmedia.com olaraq məsələ ilə bağlı ADNSU rəhbərliyinə rəsmi müraciət göndərəcəyik.
Biz universitetdən:
kafedraların birləşdirilməsi ilə bağlı qərarın və ya əmrin surətini;
yeni strukturun tam siyahısını;
2026/2027-ci tədris ili üzrə kafedralar arasında dərs yükünün bölgüsünü;
fənlərin hansı kafedralara həvalə edildiyini göstərən sənədi;
həmin bölgünün hansı normativ sənədə əsaslandığını;
müəllimlərin ixtisası ilə tədris etdikləri fənlərin uyğunluğuna dair izahı istəyəcəyik.
Sualımız Rüfət Əzizova: ADNSU-da aparılan struktur dəyişikliklərinin məqsədi həqiqətən təhsilin keyfiyyətini artırmaqdırsa, o zaman bu dəyişikliklərin akademik əsasları niyə tam və şəffaf şəkildə ictimaiyyətə təqdim edilmir?
Təhsilmedia.com bu məsələnin araşdırılmasını davam etdirəcək.





























