Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Ölkədə son illər rəqəmsal transformasiya sahəsində müəyyən addımlar atılır, bəzi təşəbbüslər irəli sürülür. Bu məqsədlə zəruri konsepsiya və strategiyalar hazırlanıb və təqdim edilmişdir. Amma bu istiqamətdə avanqard rol oynamalı olan təhsil sistemi çox lənglik göstərir.
ETN ölkə universitetlərinə bu sahədə zəruri dəstək heç vaxt verməyib, bu gün də belədir. Uzun illərin müşahidəsi göstərir ki, ETN heç vaxt universitetlərin inkişafına maraqlı olmayıb, əksinə yerlərdə olan zəif təşəbbüsləri də daim bloklayıb. Belə idarəetmənin əsl səbəbini ictimaiyyətə açıqlasalar yaxşı olardı.
Bütün bu səbəblərdən Azərbaycan universitetləri rəqəmsal transformasiya sahəsində qlobal inkişafdan bu gün 10-15 il geridədir. Universitetlərinin rəqəmsal transformasiyası strategiyasız, maliyyəsiz, sistemsiz, səriştəli kadr təminatı olmadan, kor- təbii həyata keçirilir.
Ali təhsil sisteminin belə idarə edilməsi ilə heç bir yaxşı nəticə gözləməyə dəyməz. Dövlət isə ETN-dən təhsilin bir nömrəli prioritetə çevrilməsini gözləyir.
Beynəlxalq təcrübə göstərir ki, universitetlərin rəqəmsal transformasiyası texniki modernləşmə proqramı ilə məhdudlaşmamalıdır. Bu, ali təhsilin məzmununu, idarəetmə mexanizmlərini, pedaqoji yanaşmalarını və beynəlxalq rəqabət strategiyasını dəyişdirən fundamental islahat olmalıdır. Elm və Təhsil Nazirliyi milli siyasəti, standartları və maliyyələşdirmə mexanizmlərini təmin etməli, universitet rəhbərlikləri institusional transformasiyaya cavabdeh olmalı, professor-müəllim heyəti yeni pedaqoji modelləri mənimsəməli, tələbələr isə rəqəmsal və süni intellekt savadlılığına yiyələnməlidirlər.
Bir mühüm məsələni də vurğulamaq lazımdır: universitetin hətta rəqəmsal platformasının olması (bizim reallıqda bir çox universitetlərdə heç bu da yoxdur) hələ onun rəqabətqabiliyyətli olması demək deyil.
Rəqabət üstünlüyü həmin platformada yaradılan bilikdən, təhsilin keyfiyyətindən, elmi nəticələrdən və beynəlxalq auditoriyaya təqdim edilən real dəyərdən yaranır.
Gələcəyin universiteti yalnız diplom verən müəssisə deyil, fasiləsiz öyrənmə, bilik istehsalı, elmi innovasiya və beynəlxalq rəqəmsal təhsil ixracı mərkəzi olmalıdır.
Nazirlik və universitet rəhbərlikləri üçün 5 təklif:
1. 2027-ci ildə bütün universitetlərdə rəqəmsal yetkinlik üzrə milli auditin keçirilməsi.
2. 2027-2030-cu illər üçün maliyyə təminatlı ali təhsilin rəqəmsal transformasiya proqramının təsdiqi.
3. Distant və hibrid təhsil üzrə milli keyfiyyət standartlarının hazırlanması.
4. Hər universitetdə rektorun məsuliyyəti ilə işləyən rəqəmsal transformasiya komandasının yaradılması.
5. Universitetlərin rəqəmsal inkişaf nəticələrinin illik ictimai hesabatının dərc edilməsi.
Bu qərarların qəbul edilməməsi rəqəmsallaşma prosesini ayrı-ayrı universitetlərin təşəbbüslərindən asılı vəziyyətdə saxlayacaq. Halbuki məqsəd ayrı-ayrı texnoloji layihələrin deyil, Azərbaycanın ali təhsil sisteminin gələcək rəqabət qabiliyyətinin təmin edilməsidir.
ETN-nin son 25 ildə bu sahədə heç bir konsepsiya, strategiya, uğurlu iş təcrübəsi və real nailiyyəti olmadığını, ETN-nin indiki komandasının bu sahədə tam səriştəsizliyini nəzərə alaraq, milli mənafe naminə ictimai əsaslarla onlara konsaltinq xidməti edə bilərəm, əgər həqiqətən də ETN təhsilin bir nömrəli prioritetə çevrilməsini istəyirsə.
Əks halda 25 ilə neft kapitalını insan kapitalına çevirə bilməyən bu qurum, təhsili prioritet edə bilməyəcək və ….
RƏQƏMSALLAŞMA SAHƏSİNDƏ UNİVERSİTETLƏRİMİZİN QƏFLƏT YUXUSU YENƏ DƏ DAVAM EDƏCƏKDİR.
Dosent İlham Əhmədov




























