“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
“ETN-nin “inkişaf nağılları”, itirilən 16 il, milyardlarla büdcə, saysız “layihə”lər...”
“Azərbaycan məktəblisinin nəticəsi hələ də 2009-cu il səviyyəsindədir?..”
Tehsilmedia.com aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “PISA - 2025 nəticələri və ETN-ə 10 sual...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Hanı gözlənilən insan kapitalı?..
Ölkə təhsilinin vəziyyəti hər bir vətəndaşa çox yaxşı məlumdur. Təhsillə hər bir ailə təmasdadır. Rəsmi məlumatlar da bu sferanın bərbad olmasını göstərir. “DİM 2026 hesabat”ı aydın şəkildə mənzərəni ortaya qoydu: məktəb məzunları təhsil proqramını 40 % həcmində mənimsəyirlər.
Ali təhsil daha pis durumdadır. Universitetlər islahat əvəzinə 25 ildir təmir-tikinti ilə məşğuldurlar. Universitetlərimiz qlobal inkişafdan 20 il geridədir. Heç bir universitetimiz Boloniya prosesinə qoşula bilmədi, rəqəmsal yetkin deyil, distant təhsil sistemi hələ də yoxdur (bu məsələdə TN və ETN-nin ciddi müqavimət götərməsi xüsusi qeyd edilməlidir, bəlkə də dünyada yeganə təhsil sistemidir ki, distant təhsilə ciddi qadağa qoyulub).
Təhsil haqqında heç vaxt danışmayan baş nazir də öz narahatlığını dilə gətirdi: “Təəssüf ki, universitetlərimizin diplomları hətta qardaş Türkiyədə belə tanınmır”. Təəssüf ki, ETN bu məsələlərə dair 6 ayda heç bir açıqlama vermədi. Amma nazir də deyir ki: “mənə problemlərdən danışın”. Bundan böyük problem? ETN-nin reaksiyası nə oldu bəs?..
Təhsil nazirinin Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı olan PISA -nın 2025-ci il üçün nəticələri haqqında rəsmi təqdimatını səbrsizliklə gözləyirdik. Çünki 5 gün idi ki, nazirliyə yaxın saytlar və blogerlər xalqa sanki muştuluq verirdi:
“8 sentyabrda PİSA-2025 nəticələri elan ediləcək”. Təhsildən az-çox xəbəri olan hər kəs bilirdi ki, bu nəticələr yenə də pis olacaq. Amma ETN-nin anonsları və PR kompamiyası müəyyən maraq yaradırdı: görəsən fərqli nə olacaq? Fərqli nə ola bilərdi ki? Təbii ki, heç nə, yenə də pis nəticələr, hansıları ki, hər gün görürük, eşidirik, şahidi oluruq...
Amma ETN-nin manipulyasiya qabiliyyətini də kiçildə bilmərik. PİSA-2018 saxtakarlığı, universitetlərin reytinq manipulyasiyaları və gündəlik PR cəhdləri, hay-küylü forumlar, yeni manipullyasiyalara güman verirdi. Göründüyü kimi, hay-küy, sürətli inkişaf və PR ssenarisi artıq hazır imiş.
Nəhayət ki, intizarda qaldığımız “möhtəşəm” 8 sentyabr gəldi. Nazirin “möhtəşəm” təqdimatı oldu. Onun açıqlamalarına qulaq asan valideynlər düşünür ki, sanki Azərbaycan təhsilində böyük möcüzələr baş verir. Amma bu ay repetitora ödəyəcəyi 500-600 manatı yada salanda, anlayır ki, dəyişən bir şey yoxdur...
Məktəblər tikilir, təmir olunur, kompüterlər alınır, rəqəmsal platformalar yaradılır, STEAM layihələri həyata keçirilir, müəllimlər təlimlərə göndərilir, sertifikatlaşdırma keçirilir, yeni layihələr elan olunur v.s. Cəmiyyət hər il belə hay-küylü “islahat” xəbərləri eşidir...
Bütün bu hay-küyün qarşılığında ETN-ə sual vermək istəyirəm, elə bu məqalə vasitəsi ilə. Çünki bizlər bəlli səbəblərdən heç vaxt ETN-nin belə tədbirlərində olmuruq, suallarımızı daim KİV-də yazırıq (hərçənd suallar cavabsız qalır).
AZƏRBAYCAN MƏKTƏBLİSİ ƏVVƏLKİNDƏN DAHA YAXŞI OXUYURMU, DÜŞÜNÜRMÜ, PROBLEM HƏLL EDƏ BİLİRMİ?..
OECD-nin 8 sentyabr 2026-cı ildə açıqladığı PISA -2025 hesabatı bu suala cavab verir. Bu cavab ETN -ə heç də özlərinin gözlədiyi kimi baş ucalığı gətirmir.
Zəruri arayış:
OECD (Organisation for Economic Co-operation and Development - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) iqtisadi və sosial siyasətlər üzrə araşdırmalar aparan, ölkələr arasında müqayisəli təhlillər və tövsiyələr hazırlayan beynəlxalq təşkilatdır. PISA (Programme for International Student Assessment- Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) OECD tərəfindən həyata keçirilən beynəlxalq şagird qiymətləndirmə proqramıdır. PISA əsasən 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, xüsusilə bu bilikləri real həyatda tətbiq etmək qabiliyyətini qiymətləndirir. PISA nəticələri ölkələrin təhsil sistemlərini müqayisə etməyə, onların güclü və zəif tərəflərini müəyyənləşdirməyə və təhsilin inkişafı üçün qərarlar qəbul etməyə imkan verir.
Elm və Təhsil Nazirliyinə 10 SUAL...
SUAL 1: 16 İLDƏ NƏ DƏYİŞDİ?..
PISA 2025-in Azərbaycan üzrə ən ciddi göstəricilərindən biri belədir: “2025-ci ildə riyaziyyat və oxu nəticələri təxminən 2009-cu il səviyyəsindədir. “ Burada rəqəmin özündən daha çox zaman intervalı düşündürür. 2009–2025. Tam 16 il...
Bu müddətdə Azərbaycanın iqtisadi imkanları artıb. Təhsil büdcəsi dəfələrlə yüksəlib. Məktəb infrastrukturu yenilənib. Kompüterləşmə və rəqəmsallaşma genişlənib. Yeni kurikulum tətbiq edilib. Müəllim sertifikatlaşdırılması başlayıb. Saysız layihələr həyata keçirilib. Bəs nəticə hanı? 16 il əz vaxt deyil. Daha “biz 5-6 ildir nazirlikdəyik, bu vaxtda nə edə bilərdik” kimi bəhaləri keçmir. Nazirlik dövlət qurumudur və dövlətin insan kapitalı yaratmaq tapşırığını icra etməlidir. Komanda dəyişikliyi kurs dəyişikliyi deyil. Kurs sabitdir. Riyaziyyat və oxuda təxminən 2009-cu il səviyyəsi. Bu, təhsil siyasətinin qarşısında cavab tələb edən çox ciddi sualdır...
SUAL 2: “İNKİŞAF DİNAMİKASI” NƏ İLƏ ÖLÇÜLÜR?..
Son illərdə təhsil sahəsində “inkişaf”, “dinamika”, “islahat”, “yenilik”, “innovasiya”, “transformasiya” sözlərini tez-tez eşidirik. Amma elmi idarəetmə də deyir ki, inkişaf ölçülməlidir.
Məktəblərin , kompüterlərin, təlimlərin sayının artması bir göstəricidir, büdcənin artması isə resurs göstəricisidir. Bunların heç biri avtomatik olaraq təhsilin keyfiyyətinin artması mənasını vermir. Keyfiyyətin əsas göstəricilərindən biri isə şagirdin öyrənmə nəticəsidir. Ona görə də ETN-nin “inkişaf dinamikası” haqqında iddiasına sadə bir tələb qiyula bilər: Başlanğıc göstərici nədir, son göstərici nədir, fərq nədir? Beynəlxalq müqayisəni verin...
Əgər bunu edə bilmiriksə, “inkişaf” sözünü əsaslandıra bilərik.
SUAL 3: NİYƏ ŞAGİRDLƏRİMİZİN YARISINDAN ÇOXU MİNİMUM SƏVİYYƏYƏ ÇATA BİLMİR?..
PISA 2025-in nəticələri daha da düşündürücüdür. Azərbaycanlı şagirdlərin yalnız 48 faizi riyaziyyatda minimum Level 2 səviyyəsinə çatıb. OECD üzrə orta göstərici 65 faizdir. Elmdə Azərbaycan 48 faiz, OECD isə 74 faizdir. Oxuda vəziyyət daha ağırdır: Azərbaycan – 35 faiz. OECD – 69 faiz.
Deməli, 15 yaşlı şagirdlərin böyük hissəsi məktəbdə öyrəndiyi bilikləri real həyatda tətbiq etmək üçün lazım olan minimum səviyyəyə çatmır. Bu nəticəni hansı “uğur” göstəricisi ilə kompensasiya edə bilərik? Yeni məktəblərlə? Yeni kompüterlərlə? Yeni layihələrlə? Yeni konfranslarla?..
Xeyr. Çünki təhsilin son məhsulu tədbir deyil. Təhsilin son məhsulu düşünə bilən insandır.
SUAL 4:BİZ NİYƏ GÜCLÜ ŞAGİRD YETİŞDİRƏ BİLMİRİK?..
Təhsil sisteminin keyfiyyətini yalnız zəif nəticələr müəyyən etmir. Güclü şagirdlərin sayı da strateji göstəricidir. PISA 2025-də Azərbaycanda elm üzrə ən yüksək nəticə göstərənlərin payı cəmi 1 faizdir. Riyaziyyatda yüksək səviyyəyə çatanlar 5 faizdir. Oxuda isə ən yüksək səviyyələrə çatanlar demək olar ki, yoxdur...
OECD-də müvafiq göstəricilər daha yüksəkdir. Bu rəqəmlər süni intellekt dövründə xüsusilə təhlükəlidir. Çünki gələcəyin iqtisadiyyatında ölkələr yalnız savadlı işçilərlə deyil, yüksək səviyyədə düşünən, tədqiqat aparan, innovasiya yaradan və mürəkkəb problemləri həll edən insanlarla rəqabət aparacaqlar. Biz isə hələ minimum səviyyə problemini həll edə bilməmişik.
SUAL 5:MİLYARDLAR NƏTİCƏYƏ NİYƏ ÇEVRİLMİR?..
Azərbaycan təhsilinə ayrılan vəsait illər ərzində əhəmiyyətli dərəcədə artıb. Bu, şübhəsiz, müsbət haldır. Amma təhsil iqtisadiyyatında əsas məsələ “əlavə xərclənən hər manat nə qədər əlavə öyrənmə nəticəsi yaradıb?” kmidir.
Bu sual verilmədən təhsil xərclərinin səmərəliliyindən danışmaq mümkün deyil. Əgər resurs artır, amma fundamental nəticə eyni səviyyədə qalırsa, deməli, sistemdə resurs–keyfiyyət paradoksu yaranıb. Bu mövzuda bir neçə məqaləmiz olub, son ayda.
Belə vəziyyətdə daha çox pul tələb etməkdən əvvəl mövcud pulun necə xərcləndiyini və hansı nəticəni yaratdığını araşdırmaq lazımdır. Təhsildə artıq “nə qədər pul xərclədik?” sualından “xərclədiyimiz pul nəyi dəyişdi?” sualına keçməyin vaxtıdır.
SUAL 6: LAYİHƏLƏR ÇOXDUR, BƏS NƏTİCƏSİ HANI?..
Azərbaycan təhsilinin daha bir problemi “fəaliyyət bolluğu”dur. Layihə keçirilir, təlim keçirilir, konfrans keçirilir, platforma yaradılır, kompüter alınır, məktəblər və universitetlər təmir olunur, ETN bunların hamısını uğur, inişaf hesab edir. Amma çox vaxt əsas sual cavabsız qalır: bütün bunlardan sonra şagird nəyi yaxşı öyrəndi? Bu, idarəetmədə “fəaliyyət illüziyası” yaradır. Fəaliyyət çoxaldıqca elə təsəvvür yaranır ki, sistem də inkişaf edir. Halbuki fəaliyyətlə nəticə eyni şey deyil…
Çox işləmək həmişə doğru nəticə almaq demək deyil…
SUAL 7: RƏQƏMSALLAŞDIRDIQ, BƏS UŞAQLAR DAHA YAXŞI ÖYRƏNDİLƏRMİ?..
PISA 2025 Azərbaycanın rəqəmsal transformasiyası haqqında da ciddi düşünməyə məcbur edir. Azərbaycanlı şagirdlərin 48 faizi öyrənmək üçün Sİ çatbotlardan ən azı həftədə bir dəfə istifadə edir. Deməli, süni intellekt artıq məktəbə daxil olub. Lakin texnologiyanın məktəbə daxil olması hələ rəqəmsal təhsil transformasiyası demək deyil...
PISA məlumatlarında rəqəmsal cihazların dərsdə yayındırıcı istifadəsi ilə nəticələr arasında ciddi mənfi əlaqə görünür: belə yayındırmanı bildirən şagirdlər elm üzrə Azərbaycanda orta hesabla 29 bal aşağı nəticə göstəriblər. OECD-də bu fərq 11 baldır. Deməli, məsələ “uşağa kompüter verək” deyil. Məsələ kompüteri uşağın düşünməsini gücləndirən vasitəyə çevirə bilməkdir. Eyni şey Sİ üçün də keçərlidir. Sİ ilə ev tapşırığını yazmaq təhsil transformasiyası deyil. Sİ-dən istifadə edərək daha yaxşı düşünmək – transformasiyadır...
SUAL 8: BƏS MƏSULİYYƏT KİMİNDİR?..
PISA nəticələri üçün yalnız nazirliyi günahlandırmaq düz olmazdı, hərçənd 90 % günah onlardadır. Şagird nəticəsi bütöv sistemin məhsuludur: müəllim hazırlığı, kurikulum, dərslik, qiymətləndirmə, məktəb idarəetməsi, repetitorluq, ali məktəbə qəbul sistemi, əmək bazarı, təhsil siyasətinin elmi əsasları v.s. Bütün bunlar nəticəyə təsir edir.
Amma təhsil idarəçiliyinin məsuliyyəti daha böyükdür. Sistemin bütün komponentlərini koordinasiya edən qurum nəticələr haqqında yalnız müsbət fəaliyyət statistikası (təbii ki, çox vaxt maniipulyasiya ilə) təqdim etməklə kifayətlənməməlidir.
Uğursuz nəticələri də açıq şəkildə təhlil etməli, tənqidə açıq olmalı, fərqli və alternativ (çox vaxt da faydalı) fikirlər açıq müzakirə edilməli, sağlam kadr və maliyyə siyasəti aparılmalı, elmi tövsiyyələr və alimlərin fikirləri nəzərə alınmalıdır.
Təəssüf ki, son illər ETN təsadüfi və səriştəsiz kadrların toplandığı ofis olub. Nazirin “ingilis dilini bilməyən elm və təhsildən danışmasın” kimi səhv və ziyanlı fikri əsasında formalaşan qeyri peşəkar komandanın gördüyü iş təbii ki, belə olacaqdı. Bu da nəticəsi.
SUAL 9: NƏ VAXT "HESABAT MƏDƏNİYYƏTİ"NDƏN "NƏTİCƏ MƏDƏNİYYƏTİ"NƏ KEÇƏCƏYİK?
Bizə daha hay-küylü illik hesabat lazım deyil. Bizə nəticə hesabatı lazımdır.
Məsələn: Oxu savadlılığı neçə faiz artıb? Riyazi savadlılıq neçə bal yüksəlib? Elmi düşünmə qabiliyyəti nə qədər yaxşılaşıb? Yüksək nəticəli şagirdlərin payı nə qədər artıb? Zəif nəticəli şagirdlərin sayı nə qədər azalıb? Regionlararası fərq nə qədər azalıb? Müəllim siyasəti şagird nəticəsinə nə qədər təsir edib? Təhsilə qoyulan əlavə vəsait hansı əlavə nəticəni yaradıb? Bunlar təhsilin real KPI-larıdır.
SUAL 10: PİSA-DAN SONRA NƏ EDƏCƏYİK?
Ən böyük təhlükə PISA nəticəsinin də əvvəlki beynəlxalq qiymətləndirmələr kimi bir neçə gün müzakirə olunub sonra unudulmasıdır. Bu dəfə belə olmamalıdır. PISA 2025 milli təhsil auditinin başlanğıc nöqtəsinə çevrilməlidir.
Azərbaycanın təhsil sistemində müstəqil, peşəkar və elmi əsaslarla fəaliyyət göstərən Milli Təhsil Analitika və Siyasət Mərkəzi yaradılmalıdır. Bu qurum ETN-nin fəaliyyətini təkrarlamamalıdır. Əksinə, onun əsas vəzifəsi təhsil siyasətinin nəticələrini müstəqil ölçmək olmalıdır. PISA, TIMSS, PIRLS, milli qiymətləndirmə, qəbul imtahanları, müəllim sertifikatlaşdırılması, əmək bazarı və ali təhsil məlumatları vahid analitik sistemdə birləşdirilməlidir. Hər bir böyük islahat üçün “əvvəl” və “sonra” göstəricisi müəyyənləşdirilməlidir. İslahat nəticə vermirsə, onu qorumaq yox, dəyişdirmək lazımdır.
İNKİŞAF NAĞILINI RƏQƏMLƏR ƏVƏZ ETMƏLİDİR...
PISA- 2025 Azərbaycanın təhsil sisteminin bütün problemlərini ölçmür. Amma ölçdüyü sahələr üzrə çox ciddi siqnal verir. Riyaziyyat və oxuda nəticələr 2009-cu il səviyyəsinə yaxındır, şagirdlərin böyük hissəsi minimum səviyyəyə belə çatmır, yüksək nəticəli şagirdlərin payı aşağıdır, ölkədaxili nəticə fərqləri genişlənir.
Bütün bunlar qarşısında “inkişaf dinamikası çox artıb” deyənlərə bir sual vermək lazımdır:
NƏYİN İNKİŞAFI?..
Məktəb binalarının? Layihələrin? Təlimlərin? Kompüterlərin? Büdcənin? Yoxsa uşaqların düşünmə qabiliyyətinin? Əgər söhbət düşünmə qabiliyyətindən gedirsə, onda bunun cavabı sözlə, təqdimatla, forumla yox, PISA, TIMSS, PIRLS və milli qiymətləndirmələrin rəqəmləri ilə verilməlidir. Çünki təhsil siyasətində ən təhlükəli şey təkcə uğursuzluq deyil, uğursuzluğun uğur kimi təqdim edilməsi daha təhlükəlidir.
Təhsilin inkişafı üçün "hər şey yaxşıdır" hesabatları yox, "nə yaxşı deyil və niyə?" hesabatları lazımdır. Çünki inkişaf haqqında danışmaq asandır. İnkişafı sübut etmək isə rəqəm tələb edir. PISA 2025-in rəqəmləri qarşısında Azərbaycan təhsilinin indi ən çox ehtiyac duyduğu şey yeni bir nağıl deyil, dürüst diaqnoz və köklü islahatdır.
Yoxsa biz məktəbləri rəqəmsallaşdırıb, amma düşünməyi rəqəmsallaşdıra bilməyən bir sistem quracağıq. Bu isə inkişafa xidmət etmir. Təhsilin gələcəyi onun haqqında nə qədər gözəl danışmağımızdan deyil, uşaqlarımızın nə qədər yaxşı düşünə bilməsindən asılıdır...
Dosent İlham Əhmədov





























