PİSA 2025 nəticələrinin absurd şərhi
PİSA 2025 nəticələrinin açıqlanması Azərbaycan təhsil sistemi üçün mühüm hadisədir. Ona görə də PİSA 2025 nəticələrinin şərhi obyektiv, şəffaf və elmi əsasda olmalıdır. Belə zəif nəticələrin də ETN tərəfindən PR üçün istifadə cəhdləri isə, bu qurumun fəliyyət inin əsas prinsipini bir daha nümayiş etdirir: bizə təhsilin keyfiyyəti yox, zəif nəticənin bər-bəzəkli təqdimatı, PR, “pokazuxa”, beləliklə də, ölkə təhsilində son 30 ildə qalaqlanmış problemləri həll etmək yox, onları ört- basdır etmək vacibdir.
Əgər ETN-nin missiyası zəif nəticələri bər-bəzəkli təqdimat, PR, “pokazuxa” ilə təqdim etməkdirsə, onda ölkə büdcəsindən niyə hər il bu işə 5 milyard vəsait ayrılmalıdır?
Təəssüf ki, ölkədə təhsil problemlərini dərin təhlil edən elmi mərkəzlər, beyin mərkəzləri və tədqiqat laboratoriyaları hələ də yoxdur. Normalda ETN-nin nəzdində və hər bir universitetdə “təhsil tədqiqat mərkəzləri” yaradılmalı və onların səmərəli, təsirli fəaliyyətləri təmin edilməli idi. Özü də ictimai əsaslarla yox, ciddi maliyyə resursları ilə. Ölkənin təhsil sahəsində yeganə elmi-tədqiqat institutunun elmi potensialı isə son 10 ildə elmi səriştəsi və elmi dərəcəsi olmayan menecerlərin “peşəkarlığı” səbəbi ilə məhv edildi.
Bu səbəblərdən PİSA 2025 nəticələrinin alternartiv şərhləri yoxdur. Ona görə də azsaylı təhsil mütəxəssisləri (bu təqdimatda iştirak etməsələr də) bu məsələni hələ uzunmüddət araşdırmalı, təhsildəki real durumu cəmiyyətin və ölkə rəhbərliyinin diqqətinə çatdırmalıdır. Əks halda bu gün ölkə gündəmində olan “innovativ inkişaf və rəqəmsal transformasiya” məsələləri də, ETN-nin səriştəsizliyi səbəbi ilə “neft kapitalını insan kapitalına çevirməsi missiyası” kimi səmərəsiz ola bilər. Postneft dövründə isə bu durum ölkəyə ciddi problemlər yarada bilər.
PİSA sadəcə şagirdlərin nə qədər məlumat əzbərlədiyini deyil, onların bilikləri real həyat situasiyalarında tətbiq etmək, problem həll etmək, mətnlə işləmək və elmi düşünmək qabiliyyətlərini qiymətləndirir. Ona görə də PİSA nəticələri təhsil sisteminin özünüqiymətləndirməsi üçün çox qiymətli alətdir. Lakin qiymətləndirmənin nəticəsi ilə onun elmi şərhi hələ eyni şey deyil.
Test nəticəsi obyektiv məlumatdır, həmin nəticəyə verilən şərh isə ayrıca elmi məsələdir.
Məhz bu baxımdan ETN-nin PİSA 2025 nəticələrinin təqdimatında istifadə etdiyi “Azərbaycan ən yüksək irəliləyiş göstərən ikinci ölkədir” tezisinin ciddi metodoloji müzakirəyə ehtiyacı var. Nazirliyin məlumatında riyaziyyatda 63, təbiət elmlərində 60, oxuda isə 40 ballıq artımın olduğu və Azərbaycanın hər üç istiqamətdə ən böyük sıçrayış edən ikinci ölkə olduğu bildirilir.
Bu artım, həqiqətən, Azərbaycan təhsil sisteminin son illərdəki inkişafının nəticəsidirmi?
Bu nəticədən belə bir səbəb-nəticə əlaqəsi çıxarmaq elmi baxımdan tezdir.
1. Oxu nəticəsi zəif olan şagird riyaziyyatda necə yüksək nəticə göstərə bilər ki?
Əvvəlcə bir paradoksu aydınlaşdıraq. PİSA 2025-də Azərbaycanın orta göstəricisi riyaziyyatda 422, oxuda 374, təbiət elmlərində isə təxminən 416 baldır. OECD orta göstəriciləri müvafiq olaraq 463, 461 və 482 baldır. Yəni Azərbaycan hər üç əsas istiqamətdə OECD ortalamasından xeyli geridədir. Daha ciddi göstərici isə minimal səriştə səviyyəsidir.
Azərbaycanda şagirdlərin yalnız 35%-i oxuda 2-ci səviyyə və ya daha yuxarı nəticə göstərib. OECD üzrə bu göstərici 69%-dir. Riyaziyyatda isə Azərbaycanda bu pay 48%, OECD-də 65%-dir. Deməli, Azərbaycanda 15 yaşlı şagirdlərin təxminən üçdə ikisi oxuda PİSA-nın minimal səriştə həddinə çatmır. Burada “oxuduğu mətni anlamayan şagird riyaziyyatdan necə yüksək bal ala bilər?” sualına ETN-nin elmi cavab verməsi lazımdır.
Əslində, fərdi səviyyədə bu mümkündür. Riyaziyyatda müəyyən məntiqi, hesablama və nümunə tanıma qabiliyyətləri olan şagird oxu üzrə zəif ola bilər. Riyaziyyat nəticəsi avtomatik olaraq yüksək oxu savadlılığı demək deyil. Lakin problem fərdi istisnada deyil.
Problem sistem səviyyəsindəki kəskin uçurumdur. Riyaziyyat üzrə orta nəticə 422 olduğu halda oxu üzrə 374 bal olması 48 ballıq fərq yaradır. Bu, təhsil sistemində şagirdlərin mətnlə işləmə, məlumatı anlama, kontekstdən nəticə çıxarma və mürəkkəb təlimatları interpretasiya etmə bacarıqlarının ciddi zəifliyinə işarə edir. Üstəlik, PİSA riyaziyyatı da sadəcə “hesablama” kimi qiymətləndirmir. Şagird real situasiyanı riyazi modelə çevirməli, strategiya seçməli və nəticəni qiymətləndirməlidir. Başqa sözlə, dərin oxu bacarığı riyazi problem həllində də mühüm idraki resursdur. Ona görə Azərbaycan təhsilinin əsas problemi “riyaziyyat yaxşıdır, oxu zəifdir” kimi təqdim edilə bilməz. Əsas problem funksional savadlılığın bütövlükdə zəif olmasıdır.
2. “Ən böyük sıçrayış” haradan yaranıb?
Burada daha ciddi metodoloji məsələ meydana çıxır. Nazirlik 2025-ci il nəticələrini əvvəlki nəticələrlə müqayisə edir. Lakin əvvəlki PİSA tədqiqatlarında Azərbaycan ölkə kimi deyil, Bakı şəhəri kimi iştirak edib. OECD-nin PİSA 2022 məlumatında iştirakçı ayrıca “Baku (Azerbaijan)” kimi göstərilir. 2022-ci ildə 178 məktəbdən 7720 şagird qiymətləndirilib və həmin nəticələr Bakı üçün hesablanıb. 2025-ci ildə isə vəziyyət dəyişib.
Azərbaycan ilk dəfə ölkə üzrə genişmiqyaslı PİSA iştirakını həyata keçirib: 241 məktəbdən 7432 şagird qiymətləndirilib və onlar ölkədəki təxminən 118 300 15 yaşlını təmsil edib. OECD Azərbaycan üzrə məlumatların PİSA-nın keyfiyyət standartlarına cavab verdiyini və hesabat üçün yararlı olduğunu təsdiqləyir. Bu, nailiyyətdir. Amma elə buna görə də müqayisə məsələsinə son dərəcə ehtiyatla yanaşmaq lazımdır.
Bakı 2022 nümunəsi və ölkə 2025 nümunəsi. Bunlar eyni coğrafi əhali deyil. Ona görə “2022-dən 2025-ə Azərbaycan təhsil sistemi 63 bal inkişaf edib” ifadəsi statistik nəticənin özünü deyil, onun müəyyən şərhini ifadə edir. Daha düzgün ifadə belə olardı: “2025-ci ildə Azərbaycanın ölkə üzrə PİSA göstəriciləri əvvəlki Bakı iştiraklarının nəticələri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olub.”
Bundan isə avtomatik olaraq “təhsil sistemi 63 bal inkişaf edib” nəticəsi çıxarmaq olmaz. Bu iki fikir arasında ciddi metodoloji fərq var.
3. OECD-nin öz məlumatı daha mürəkkəb mənzərə göstərir
Ən maraqlısı budur ki, OECD-nin Azərbaycan üzrə PİSA 2025 ölkə qeydlərində uzunmüddətli trend tamam başqa cür təqdim edilir. OECD yazır ki, Azərbaycanın 2025-ci il nəticələri 2009-cu ilin nəticələri ilə müqayisədə riyaziyyat və oxuda təxminən eyni səviyyədədir. Elm üzrə isə 2009-cu illə müqayisədə artım var. Eyni zamanda, 2009–2025 dövründə yüksək və aşağı nəticə göstərən şagirdlər arasındakı fərqin hər üç sahədə genişləndiyi bildirilir. Bu fakt ciddi sual doğurur:
Əgər Azərbaycan 2025-ci ildə “dünyada ən böyük sıçrayış edən ikinci ölkədirsə”, amma uzunmüddətli perspektivdə riyaziyyat və oxu nəticələri 2009-cu il səviyyəsinə təxminən qayıdırsa, onda bunu necə “son illərin təhsil islahatlarının böyük uğuru” kimi təqdim etmək olar?
Burada statistik göstərici ilə onun siyasi şərhini ayırmaq lazımdır. Bir test dövründən digərinə bal artımı başqa şeydir, təhsil sisteminin struktur inkişafı isə tam başqa.
4. PİSA nəticəsi islahatın səbəbini göstərmir
Bu, təhsil siyasətində çox mühüm prinsipdir. PİSA nəticəsi bizə nə baş verdiyini göstərir, amma bunun niyə baş verdiyini göstərmir.
Nəticə yüksəlibsə, bunun səbəbi nədir: kurikulum dəyişib? müəllim keyfiyyəti yüksəlib? məktəb idarəetməsi yaxşılaşıb? sosial-iqtisadi vəziyyət dəyişib? nümunənin strukturu fərqli olub? COVID-dən sonrakı bərpa baş verib? repetitorluğun təsiri olub? şagirdlərin testə münasibəti dəyişib? seçmə və iştirak mexanizmləri fərqli olub? yoxsa əvvəlki və yeni nümunələr arasında struktur fərqləri var? PİSA balı bu sualların heç birinə təkbaşına cavab vermir.
Ona görə də “bal artdı → deməli, islahat uğurludur” məntiqi elmi səbəb-nəticə analizi deyil. Bu, hadisədən sonra səbəb uydurmadır. Əgər son 8 ildə təhsildə heç bir uğurlu islahat cəhdi və islahat addımı olmayıbsa, nə dəyişə bilərdi ki?
Digər problem isə əvvəlki Bakı nəticəsi ilə 2025-ci ilin ölkə nəticəsinin müqayisəsindən alınan artımın necə şərh edilməsidir. İctimaiyyətə “Azərbaycan PİSA-da 63 bal irəlilədi” deyildikdə adi oxucu bunu belə başa düşür: “Azərbaycan məktəbləri son üç ildə 63 bal yaxşılaşıb.” Halbuki məlumatın strukturuna baxdıqda məsələ daha mürəkkəbdir. Məhz burada statistik nəticənin siyasi kommunikasiya üçün sadələşdirilməsi problemi yaranır.
5. Daha böyük problem: aşağı nəticələr niyə müzakirədən kənarda qalır?
Mənim fikrimcə, PİSA 2025-in Azərbaycan üçün ən mühüm göstəricisi 40, 60 və ya 63 ballıq artım deyil. Əsas göstərici budur ki, Azərbaycan şagirdlərinin yalnız 35%-i oxuda, 48%-i riyaziyyatda və 48%-i elmdə 2-ci səviyyə və yuxarı nəticə göstərib. Başqa sözlə, şagirdlərin böyük hissəsi fundamental səriştə səviyyəsinə çatmır. Üstəlik, oxuda 5- ci səviyyə və daha yuxarı nəticə göstərənlərin sayı Azərbaycanda demək olar ki, sıfırdır; OECD üzrə bu göstərici 6%-dir. Bu, daha böyük strateji problemdir. Çünki gələcəyin iqtisadiyyatını yalnız orta səviyyəli şagirdlər qura bilməz. Ölkəyə həm geniş kütləvi savadlılıq, həm də yüksək səviyyəli istedad lazımdır.
Deməli, Azərbaycan təhsil siyasətinin iki paralel məqsədi olmalıdır: minimum səriştə səviyyəsini kəskin yüksəltmək və yüksək nəticə göstərən şagirdlərin payını artırmaq.
7. Dərslik və kurikulum məsələsinə PİSA nə deyir?
Keyfiyyətsiz dərslik və proqramlar haqqında ölədə çox danışılıb, yazılıb. ETN-də bunu etiraf edir. Onda keyfiyyətsiz dərslik və proqramlardan istifadə edən sistem özünü dinamik inkişaf edən təhsil sistemi kimi necə təqdim edə bilər? Bu problem də ayrıca araşdırılmalı və ETN tərəfindən şərh edilməlidir.
PİSA birbaşa dərsliyin keyfiyyətini ölçmür. Ona görə PİSA nəticəsindən “dərsliklər keyfiyyətsizdir” nəticəsini birbaşa çıxarmaq olmaz. Amma əks istiqamətdə də səhv etmək olmaz: PİSA nəticəsinin yüksəlməsi dərsliklərin və kurikulumların yüksək keyfiyyətli olduğunu sübut etmir. Bunun üçün ayrıca məzmun ekspertizası, kurikulum auditi, müəllimlərin dərsliklərdən istifadə təcrübəsinin araşdırılması, şagirdlərin mətn yükünün analizi və öyrənmə nəticələri ilə kurikulum standartlarının uyğunluğunun qiymətləndirilməsi lazımdır. Yəni təhsil sisteminə müstəqil kurikulum və dərslik auditi lazımdır.
8. PİSA Azərbaycan təhsil sisteminə nə deyir?
PİSA 2025-in əsas mesajı budur: Azərbaycan təhsil sistemində müəyyən irəliləyiş əlamətləri ola bilər, lakin bunu “problemlər həll olunub” kimi təqdim etmək üçün heç bir əsas yoxdur. Əksinə, nəticələr çox ciddi struktur problemlərini göstərir.
Azərbaycan:
OECD orta göstəricisindən hər üç əsas sahədə geri qalır; oxu savadlılığında xüsusilə böyük geriləmə nümayiş etdirir; şagirdlərin böyük hissəsini minimal səriştə səviyyəsinə çatdıra bilmir; yüksək nəticə göstərən şagirdlərin payında ciddi çatışmazlıq yaşayır; 2009–2025 uzunmüddətli trendində riyaziyyat və oxuda böyük sistem transformasiyası nümayiş etdirmir; yüksək və aşağı nəticə göstərənlər arasındakı fərqin genişləndiyi müşahidə olunur.
Bunları “böyük sıçrayış” ifadəsi ilə ört-basdır etmək də olmaz.
Beləliklə, görürük ki, PİSA qiymətləndirilməsi heç də ETN-nin təqdim etmək istədiyi kimi “ uğur” hekayəsi deyil. PİSA-nı təbliğat alətinə yox, diaqnostika alətinə çevirmək lazımdır.
PİSA Azərbaycan təhsil sistemi üçün təhlükə deyil, qiymətli diaqnostik imkandır. Amma diaqnostikanın faydası nəticəni gözəlləşdirməkdə deyil, problemi düzgün görməkdədir. ETN-nin PİSA 2025 təqdimatının əsas problemi nəticələrin özündə yox, nəticələrin seçici şərhindədir.
63 bal artımı mühüm göstəricidir. Amma 374 bal oxu nəticəsi də mühüm göstəricidir. 48% riyaziyyatda 2-ci səviyyə və yuxarı nəticə də mühüm göstəricidir. 35% oxu savadlılığı da mühüm göstəricidir. Sıfıra yaxın yüksək səviyyəli oxu nəticəsi isə bəlkə də ən mühüm göstəricilərdən biridir.
Elm və təhsil siyasətinin vəzifəsi xoş rəqəmləri seçmək deyil, bütün rəqəmləri birlikdə izah etməkdir.
Əgər PİSA nəticələri yalnız “Azərbaycan ikinci ən sürətli inkişaf edən ölkədir” başlığı altında təqdim olunursa, bu, təhsil siyasəti üçün yetərli deyil. Sual oluna bilr:
Nə dəyişdi? Nə üçün dəyişdi? Hansı dəyişiklik davamlıdır? Hansı göstəricilər hələ də kritikdir? Və növbəti PİSA dövrünə qədər konkret olaraq nəyi dəyişəcəyik?
Məhz bu suallara cavab verilməsə, PİSA nəticəsi təhsil sisteminin inkişaf strategiyasına deyil, sadəcə növbəti hay-küy, PR, “pokazuxa” və ictimaiyyətlə əlaqələr materialına çevrilə bilər. PİSA-nın dəyəri medal verməsində deyil.
PİSA təhsil sisteminin güzgüsüdür.
Güzgünün göstərdiyi görüntü xoşumuza gəlməyə bilər. Lakin problemi həll etmək istəyiriksə, güzgünü sındırmaq yox, özümüzü və iş metodlarımızı dəyişmək lazımdır.
P.S. Yaxşı olardı ki, ETN həm də “DİM -2026 Hesabatı”nı təhlil edərdi.
Milli təhsilin inkişafı üçün milli qiymətləndirmə nəticələrinin dərin təhlili daha vacibdir.
Dosent İlham Əhmədov




























