Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Ötən gün elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı məktəblərdəki psixoloji xidmət məsələsinə toxunub. O qeyd edib ki, bir adam 800 nəfərin psixoloji vəziyyətini düzəldə bilməz. Nazirin fikirincə, iş kökündən səhvdir və modelə yenidən baxılmalıdır.
Tehsilmedia.com bildirir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, bu fikir dəfələrlə səslənib ki, artıq məktəblərdə psixoloji xidmətin səviyyəsi ürəkaçan vəziyyətdə deyil:
"Hələ bu, son bir neçə ildə düzəlib, yəni birbaşa ixtisaslı şəxslərin artıq işə cəlb olunması məsələsi gündəmdədir. Amma indiyə qədər, çox təəssüf olsun ki, bu məsələdə bir qədər boşluqlar var idi və qeyri-ixtisas sahibləri məktəblərdə psixoloq vəzifəsi tuturdular. Amma artıq bu məsələdə islahatlara başlanılıb və artıq bir neçə ildir xüsusi, deməli, peşəkar, deməli, ixtisaslı kadrlar işə götürülürlər. Ona görə də artıq onların da sosial rifahının yaxşılaşdırılması, əməkhaqlarının qaldırılması istiqamətində, bildiyim qədər müəyyən tədbirlər planı hazırlanır. Məsələ burasındadır ki, bu gün ümumtəhsil məktəblərində hər min nəfərə düşən bir psixoloq, əlbəttə ki, məktəbdəki ümumi atmosferi, vəziyyəti əhatə edə bilməz. Həm də nəzərə alsaq ki, indiki şəraitdə vəziyyət sürətlə dəyişir – sosial şəbəkələr, süni intellekt – yəni, bu kimi hallarda artıq hər min nəfərə, əlbəttə ki, bir psixoloqun olması müəyyən problemlər yaradır. Başqa bir tərəfdən, psixoloqların indi məktəblərdə oturmaq üçün xüsusi kabinetləri, onların istifadə etmək üçün müəyyən alətləri olmalıdır, onlar yoxdur. Əlbəttə ki, bütün bunların hamısı kompleks tədbirlərə daxil olunmalı və bu heyət, bu iş yenilənməlidir".





























