Rövşən Nəcəfov: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
“Adaptasiya olunmaq və ömürboyu təhsil almaq çox vacibdir”
Tehsilmedia.com xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı qeyd edib.
Rövşən Nəcəf bildirib ki, SABAH.city insanların özlərini rahat hiss etdiyi və yeni ideyalara ilham aldığı bir məkana çevrilməlidir:
“Ümid edirəm ki, bu məkan insanlarda doğma ev hissi yaradacaq. Çünki elə yerlər var ki, orada yaxşı infrastruktur, ləzzətli yeməklər və qəhvə ola bilər, amma insan özünü hər zaman evindəki kimi rahat hiss edir. Evdə olarkən fərqli ideyalardan ilhamlanırsan. Ümid edirəm ki, bu məkan da məhz belə bir yerə çevriləcək.
Hazırda ehtiyacımız olan hər şeyi etməyə çalışırıq. Peşə məktəblərimiz və peşə proqramlarımız var. Burada yalnız öz ehtiyaclarımız üçün deyil, digər şirkətlərin tələbatını qarşılamaq üçün də kadrlar hazırlayırıq.
Lakin əsas sual 2, 5, 10 və ya 15 ildən sonra nə baş verəcəyidir. Buna görə də adaptasiya olunmaq və ömürboyu təhsil almaq çox vacibdir. Bu, eyni işi davamlı olaraq daha yaxşı görməkdən ibarət deyil.
Ehtiyac yarandıqda paralel şəkildə fərqli bacarıqları öyrənə bilmək deməkdir.
Mən karamsar görünmək istəmirəm, amma düşünürəm ki, süni intellekt, avtomatlaşdırma və robototexnika olmadan da müəyyən işləri görə bilməyi bacarmalıyıq.
Təxminən bir il, il yarım əvvəl cənab Ceyhun Bayramovla belə bir müzakirəmiz olmuşdu. Söhbət zamanı onun dostlarından biri qeyd etdi ki, bəşəriyyət tarixi boyu insanlar müəyyən bacarıqlarını tədricən itiriblər.
Əvvəllər insanlar ulduzlara baxaraq istiqamətlərini müəyyənləşdirirdilər, indi isə böyük əksəriyyətimiz bunu bacarmırıq.
Əvvəllər insanlar od qalamağı bacarırdılar, bu gün isə insanların çoxu həmin bacarığa sahib deyil. Əvvəllər bitkilərdən və təbii vasitələrdən istifadə edərək müalicə edə bilirdilər, indi isə bunu bacarmırıq".




























