Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
Dərs vaxtı Bakıdakı 244 nömrəli məktəbdən uşaq itir, dublikat direktor işdə yoxdur. Çünki ara məsafəsi 5 kilometr olan 2 məktəbin xozeynidir. Adam eyni zamanda 2 fərqli məktəbdə olmaq üçün dublikatı və ya dublyoru olmalıdır.
Mediada dəfələrlə yazılıb, bir direktora bir neçə məktəbin həvalə olunması ideyası kimə məxsusdursa, bazar təfəkkürüdür. Yəni, mənim adamım daha çox obyektə yiyəlik etsin düşüncəsinin məhsuludur.
Bakı şəhəri 244 nömrəli məktəbin bəxti də bu baxımdan heç gətirməyib. 135 nömrəlı məktəbin direktoru Şəfa Qurbanova öz məktəbinə rəhbərlik edə bilmir, BŞTİ müdiri Nərminə Hüseynova zorla 244 nömrəlı məktəbi də onun cənginə verib. O da yay tətilində hər sinif rəhbərinə iki min təzminat qoyub. Yazıldı, kollektiv etiraz etdi, dərs ilinə az qalmış Şəfa Qurbanova 244 nömrəli məktəbdən uzaqlaşdırıldı. Məktəbə qazi-221 nömrəlı məktəbin direktor müavini Bədəl Hüseynli direktor gətirildi. Kollektivin dərdinə yenicə şəfa tapılırdı ki, Şəfa Qurbanova dublikat direktor kimi geri qaytarıldı. Kollektivə də hədə-qorxusunu gəldi: "Məni Bakı Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova və İdarənin müdir müavini Turanə Məcidli geri qaytardı ki, sizi başa salım. Özüm getmişdim, sizi sınayırdım, mənə heç kim heçnə edə bilməz".
Qayıtdı, amma olanlar oldu, yenidən yığımlar başladı. Hətta texniki işçilər belə imkanları olmadığı üçün işdən atıldılar.
İlk dərs günü isə dərs zamanı azyaşlı uşaq məktəbdən itdi. Nəzarətsiz məktəb necə olmalıdır? Axı Şəfa Qurbanova həm də əvvəldən 135 nömrəli məktəbin də direktorudur. Orda da obyekti başsız qoymaq olmaz.
Uşaq itən vaxt Şəfa Qurbanova 244 nömrəli məktəbdə olmayıb. Polisə və uşağın valideynlərinə gec məlumat verilib buna görə. 244 nömrəlı məktəbin müəllimlərini küçələrə töküb ki, uşağı tapın, bu haqda heç kim bilməsin. Amma nəticə olmayıb. Saatlar sonra polis tərəfindən tapılan uşaq valideynlərinə təhvil verilib.
Bax belə dostlar, 244 nömrəli məktəbin dərdi var, məktəb xəstədir. Şəfası isə tapılmır. Başqa şəfadan danışırıq bu halda, dublikat direktordan yox. İş qalıb maraqlarını təhsildən və uşaqların taleyindən üstün tutanların insafına. Artıq belələrini itirməyin, çay aşağı axıdıb, çay yuxarı axtarmağın vaxtıdır.





























