Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
“Tələbə yataqxanalarının sayının artırılması və bu sahəyə özəl sektorun cəlb edilməsi ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilər”.
Tehsilmedia.com xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Deputat qeyd edib ki, məsələ parlamentin payız sessiyasında dövlət büdcəsinin müzakirəsi zamanı gündəmə gətirilə bilər.
Onun sözlərinə görə, bu istiqamətdə iqtisadi təşviq mexanizmlərinin, eləcə də müvafiq hüquqi çərçivənin formalaşdırılmasına ehtiyac var.
“Tələbə yataqxanalarının sayının artırılması ilk növbədə tələbələrin yaşayış xərclərini azalda və ali təhsili daha əlçatan edə bilər. Bu, xüsusilə başqa şəhərlərdən ali təhsil almaq üçün gələn tələbələrin ailə büdcəsinə düşən yükün azalması baxımından əhəmiyyətlidir. Yataqxana yalnız yaşayış yeri deyil, eyni zamanda tələbələrin təhsil və sosial mühitinin formalaşdığı məkandır. Burada yaşayan tələbələr daha çox ünsiyyət qurur, fikir mübadiləsi aparır və müxtəlif sosial-təhsil fəaliyyətlərində iştirak edirlər. Bu baxımdan yataqxanaların inkişafı həm iqtisadi, həm də sosial baxımdan müsbət nəticələr yarada bilər”.
A.Badamov bildirib ki, dünya təcrübəsində tələbə yataqxanalarının yalnız universitetlərin nəzdində fəaliyyət göstərməsi vacib şərt deyil:
“Bu sahədə həm dövlət, həm universitetlər, həm də özəl sektor iştirak edə bilər. Özəl şirkətlər tələbə yataqxanaları tikərək onları müəyyən ödəniş müqabilində tələbələrə təqdim edə bilərlər. Eyni zamanda, dövlət tərəfindən müxtəlif dəstək mexanizmlərinin tətbiqi mümkündür. Dövlət dəstəyi ilə özəl investisiyanın birləşdirilməsi yataqxana fondunun daha sürətli genişləndirilməsinə imkan yarada bilər”.
Sədr müavini onu da əlavə edib ki, yataqxana xidmətlərinin tələbələr üçün münasib qiymətə təqdim edilməsi əsas məqsədlərdən biri olmalıdır:
“Dünya təcrübəsində tələbə yataqxanaları, bir qayda olaraq, müəyyən ödəniş qarşılığında təqdim olunur. Lakin bu ödənişlər adətən tələbələrin büdcəsinə uyğunlaşdırılır və kommersiya məqsədli mənzil kirayəsi ilə müqayisədə daha əlçatan olur”.
Onun fikrincə, Azərbaycanda aztəminatlı tələbələr üçün ayrıca sosial mexanizmlər də tətbiq oluna bilər:
“Məsələn, sosial proqramlar çərçivəsində aztəminatlı tələbələrin yataqxana xərclərinin dövlət tərəfindən qismən və ya tam qarşılanması mümkündür. Eyni zamanda, yataqxana xidmətlərinin təhsil paketinə daxil edilməsi kimi modellər də müzakirə oluna bilər. Əsas prinsip tələbələrin münasib və keyfiyyətli yaşayış imkanlarına çıxışının təmin edilməsidir”.
A.Badamov hesab edir ki, sahibkarların tələbə yataqxanalarının tikintisinə marağının artırılması üçün dövlət təşviqlərinin tətbiqinin də nəzərdən keçirilməsi mümkündür:
“Tələbə yataqxanalarını sosial əhəmiyyətli fəaliyyət istiqaməti kimi qiymətləndirərək bu sahəyə investisiya qoyan sahibkarlara vergi güzəştləri, güzəştli maliyyələşmə və digər dəstək mexanizmləri təqdim oluna bilər. Çünki tələbə yataqxanaları yüksək gəlirliliklə xarakterizə olunan biznes sahəsi deyil. Dövlət təşviqləri layihələrin iqtisadi cəlbediciliyini artıra və özəl sektorun bu sahəyə investisiya qoymasını stimullaşdıra bilər”.
Deputat bildirib ki, tələbə yataqxanası xidmətlərinin özəl sektor tərəfindən də göstərilməsi və bu fəaliyyətə dövlət dəstəyinin verilməsi nəzərdə tutulursa, bunun üçün müvafiq hüquqi çərçivənin formalaşdırılması vacibdir. Tələbə yataqxanası fəaliyyətinin ayrıca tənzimlənməsi, bu sahədə çalışan sahibkarlar üçün mümkün təşviq mexanizmlərinin müəyyənləşdirilməsi və tələbələrin sosial müdafiəsi ilə bağlı yanaşmaların qanunvericilikdə əksini tapması məqsədəuyğun olardı.
A.Badamov onu da vurğulayıb ki, yataqxanaların inkişafına yalnız yaşayış məsələsinin həlli kimi yanaşmaq doğru deyil:
“Bu, eyni zamanda ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial rifahının yaxşılaşdırılması və gənclər üçün daha əlverişli təhsil mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu istiqamətdə dövlət və özəl sektorun əməkdaşlığı mühüm nəticələr verə bilər”.





























