Kollecdə yeni kitabxana istifadəyə verilib
UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində tədris mühitinin yaxşılaşdırılması, tələbə və müəllimlərin təhsil resurslarına əlçatanlığının artırılması məqsədilə kitabxanada əsaslı təmir və yenilənmə işləri həyata keçirilib.
Tehsilmedia.org xəbər verir ki, aparılan təmir işləri nəticəsində kitabxananın infrastrukturu və ümumi şəraiti yaxşılaşdırılıb, oxucuların rahat və səmərəli fəaliyyəti üçün əlverişli mühit yaradılıb.
Yenilənmə çərçivəsində kitabxanada elektron dəstək sisteminin yaradılması istiqamətində işlər görülüb. Bu yenilik oxucuların informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsinə, kitabxana xidmətlərinin təkmilləşdirilməsinə və müasir texnologiyalardan istifadənin təşviqinə xidmət edir.
Bununla yanaşı, kitabxana fondunun zənginləşdirilməsi məqsədilə yeni kitablar əldə olunub. Oxucuların maraq və tələbatları nəzərə alınaraq alınan yeni nəşrlər tələbələrin biliklərinin artırılmasına, müstəqil araşdırma bacarıqlarının inkişafına və müəllimlərin tədris fəaliyyətinin dəstəklənməsinə əlavə imkanlar yaradır.
Yenilənmiş kitabxana tələbələrin dərslərə hazırlığı, elmi və bədii ədəbiyyatdan istifadəsi, həmçinin mütaliə vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.




























