IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Mən İT ixtisasında təhsil alan tələbəyəm. Universitetə qəbul olmaq üçün illərlə hazırlaşmışam və 580 bal toplayaraq bu ixtisasa qəbul olmuşam. İndi isə bəzi İT ixtisasları üzrə keçid balının 150-yə endirilməsi ilə bağlı qərarı görəndə özümü aldadılmış hiss etdim.
Mənim anlamadığım odur ki, bu qədər aşağı balla qəbul olan abituriyentin bu sahə üzrə hansı baza biliyi olacaq? İT elə bir sahədir ki, burada məntiq, riyaziyyat, analitik düşüncə və davamlı hazırlıq tələb olunur. Bu sahəyə qəbul olmaq bu qədər asanlaşdırılarsa, illərlə əziyyət çəkib yüksək bal toplayan abituriyentlərin zəhməti necə qiymətləndiriləcək?
580 bal toplayanla 150 bal toplayanı eyni ixtisas üzrə qəbul etmək nə dərəcədə ədalətlidir? Bu qərar həm tələbələrin motivasiyasına mənfi təsir edir, həm də gələcəkdə İT sahəsində təhsilin keyfiyyəti ilə bağlı suallar yaradır. Mən demirəm ki, aşağı bal toplayan insan gələcəkdə uğurlu ola bilməz. Amma qəbul üçün müəyyən səviyyə olmalıdır ki, universitetdə tədris prosesi də normal şəkildə davam etsin.
Bu qərarın yenidən nəzərdən keçirilməsini istəyirəm. Çünki yüksək bal toplayaraq qəbul olan minlərlə abituriyent və tələbə bu dəyişiklikdən narazıdır. Əgər İT kimi strateji bir sahədə keyfiyyətli kadr yetişdirmək istəyiriksə, qəbul meyarları da buna uyğun olmalıdır.



























