ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
Doktoranturaya qəbul zamanı beynəlxalq dil sertifikatlarının tanınması ilə bağlı mübahisə yeni mərhələyə keçib. Dövlət İmtahan Mərkəzinin (DİM) aparat rəhbəri Vəfadar Misirovun son açıqlamalarından sonra namizədlər bu dəfə ETS-dən (Educational Testing Service) aldıqları rəsmi cavabı ictimaiyyətə təqdim edərək DİM-in mövqeyi ilə bağlı yeni hüquqi suallar qaldırıblar.
DİM bildirir ki, 2023-cü ildən etibarən beynəlxalq dil sertifikatlarının verifikasiyası zamanı qeyri-obyektiv və qeyri-şəffaf üsullarla əldə edilmiş sertifikatlar aşkarlanıb. Bu səbəbdən TOEFL iBT Home Edition formatında təqdim olunan nəticələr üzrə əlavə qiymətləndirmə aparıldığı qeyd olunur.
Lakin namizədlər hesab edirlər ki, burada əsas məsələ saxta sertifikatlarla mübarizə deyil. Onların sözlərinə görə, mübahisənin mərkəzində duran sual tamam başqadır: qüvvədə olan və ETS tərəfindən etibarlı hesab edilən sertifikat sahiblərinə əlavə qiymətləndirmə hansı normativ hüquqi akta əsasən tətbiq edilir?
ETS nə deyir?
Namizədlərdən bir neçəsinin ETS-ə ünvanladığı sorğulara verilən rəsmi cavabda qeyd olunur ki:
TOEFL iBT Home Edition nəticələri rəsmidir və ETS tərəfindən təqdim olunur;
nəticənin qəbul edilib-edilməməsi barədə qərarı onu qəbul edən təşkilat verir;
zərurət yaranarsa, ETS nəticənin etibarlılığı və tanınması ilə bağlı qəbul edən təşkilata rəsmi izahat təqdim etməyə hazırdır.
Bu cavab bir mühüm məqamı ortaya qoyur. ETS sertifikatın rəsmi və etibarlı olduğunu bildirir, lakin onun qəbul olunması barədə qərarı qəbul edən təşkilatın səlahiyyətinə buraxır.
Məhz bundan sonra hüquqi mübahisə başlayır.
Qərar vermək səlahiyyəti varmı, yoxsa həmin qərarın hüquqi əsası varmı?
Namizədlər bildirirlər ki, DİM ictimai açıqlamalarında əsasən ETS-in "qəbul edib-etməmək təşkilatın səlahiyyətidir" mövqeyinə istinad edir.
Lakin onların fikrincə, hüquqi baxımdan əsas sual bu deyil.
Əsas sual budur:
Azərbaycan Respublikasının hansı normativ hüquqi aktı DİM-ə qüvvədə olan beynəlxalq sertifikat sahibini əlavə qiymətləndirmədən keçirmək səlahiyyəti verir?
AAK qaydalarında əlavə müsahibə nəzərdə tutulmur
Namizədlər istinad edirlər ki, Ali Attestasiya Komissiyasının təsdiq etdiyi "Fəlsəfə doktoru imtahanlarının keçirilməsi Qaydaları"nın 3.4-cü bəndinə əsasən CEFR üzrə B2 və ya daha yüksək səviyyəyə uyğun beynəlxalq dil sertifikatına malik şəxslər sertifikat qüvvədə olduğu müddətdə xarici dil üzrə imtahandan azad edilirlər.
Həmin normada yalnız iki şərt göstərilir:
sertifikatın müvafiq səviyyəyə uyğun olması;
sertifikatın qüvvədə olması.
Normada əlavə müsahibə, dil biliyinin yenidən qiymətləndirilməsi və ya sertifikatın əldə olunma formasına görə fərqli prosedur müəyyən edilməyib.
162 sertifikat qəbul olunub, 11-i rədd edilib
DİM-in aparat rəhbərinin açıqlamasına görə, bu il yoxlanılmış beynəlxalq sertifikatlardan 162-si təsdiqlənib, 11-i isə saxta və ya qeyri-şəffaf üsullarla əldə edildiyi üçün qəbul edilməyib.
Namizədlər bildirirlər ki, bu statistika əslində başqa nəticə ortaya qoyur.
Əgər konkret sertifikat ETS tərəfindən saxta hesab edilirsə və ya etibarsızlaşdırılıbsa, onun qəbul edilməməsi hüquqi baxımdan başadüşüləndir.
Lakin etibarlı hesab edilən sertifikat sahiblərinin hamısına əlavə qiymətləndirmə tətbiq edilməsinin hüquqi əsası ayrıca izah olunmalıdır.
Daxili əmr qanundan üstün ola bilərmi?
DİM əlavə qiymətləndirmənin Direktorlar Şurasının 28 aprel 2023-cü il tarixli 38/İ-3 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara əsaslandığını bildirir.
Namizədlər isə Konstitusiyanın 149-cu maddəsinə və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.8-ci maddəsinə istinad edərək qeyd edirlər ki, daha aşağı hüquqi qüvvəyə malik akt daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktlarla ziddiyyət təşkil edə bilməz.
Onların fikrincə, əsas hüquqi mübahisə də məhz burada yaranır.
Dövlət qurumlarına ardıcıl müraciətlər
Məsələ ilə bağlı müxtəlif ali dövlət qurumlarına müraciətlər edildiyi bildirilir. Namizədlər qeyd edirlər ki, aldıqları cavablarda əsasən DİM-in mövqeyi təkrarlanır, lakin qaldırdıqları hüquqi suallara – əlavə qiymətləndirmənin konkret hansı qanuna əsaslandığı, normativ aktların iyerarxiyasının necə tətbiq olunduğu və vətəndaşın hüquqlarına təsir edən əlavə prosedurun hansı hüquqi norma ilə müəyyən edildiyi barədə birbaşa cavab verilmir.
Onların fikrincə, mübahisə artıq yalnız TOEFL Home Edition sertifikatlarının taleyi ilə bağlı deyil.
Söhbət dövlət orqanlarının normativ hüquqi aktları necə tətbiq etməsi, vətəndaş müraciətlərinə mahiyyəti üzrə cavab verməsi, hüquqi müəyyənlik prinsipinə əməl olunması və inzibati qərarların qanunvericiliyə əsaslanması məsələsindən gedir.
Bu səbəbdən namizədlər aidiyyəti dövlət qurumlarından DİM-in tətbiq etdiyi əlavə qiymətləndirmə prosedurunun hüquqi əsaslarının normativ hüquqi aktlara istinad edilməklə ictimaiyyətə aydın şəkildə izah edilməsini gözlədiklərini bildirirlər.



























