Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində baş tutacaq.Belə ki, Bakıda keçiriləcək beynəlxalq yarışla əlaqədar şəhərin bəzi ərazilərində hərəkətin məhdudlaşdırılması universitetlərdə dərslərin təşkilinə də təsir edib.
Maraqlıdır, Formula 1 yarışları ilə əlaqədar hansı universitetlərdə dərslər onlayn qayda da olacaq?
Tehsilmedia.com bildirir ki, mövzu ilə bağlı azedu.az universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Bakı Ali Neft Məktəbindən (BANM) bildirilib ki, Bibiheybət kampusunda dərslər onlayn keçiriləcək, Ağ şəhər korpusunda isə tədris ənənəvi formada davam edəcək.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, yalnız əsas binada (İstiqlaliyyət küçəsi 6) dərslər onlayn keçiriləcək:
"Digər tədris binalarında dərslər ənənəvi qaydada davam edəcək".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, hazırda dərslərin onlayn keçirilməsi ilə bağlı qərar yoxdur:
"Tənzimləyici qurumlar tərəfindən müvafiq qərar qəbul olunarsa, universitet də buna uyğun tədbirlər görəcək. Belə ki, şəhərdə bir neçə universitet və məktəb bu dairəyə düşsə də, yaxınlıqdakı metro və avtobus dayanacaqları, eləcə də yerüstü keçidlərlə hərəkətin fasiləsizliyi təmin olunur. Bu səbəbdən əyani dərslərin keçirilməsi ilə bağlı ciddi problem yaşanmır".
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) qeyd edilib ki, dərslər ənənəvi qaydada davam edir və heç bir problem yoxdur:
"Metro və avtobuslar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".
Qərbi Kaspi Universitetindən bildirilib ki, yarışla əlaqədar olaraq dərslər onlayn formada keçiriləcək.




























