“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Hazırda lisey və gimnaziyalara, magistraturaya, eləcə də xarici ölkələrin universitetlərinə qəbul imtahanlarında məntiq suallarından geniş istifadə olunur. Bu isə məktəblərdə məntiqin ayrıca fənn kimi tədrisi məsələsini gündəmə gətirir.
Məktəblərdə məntiq ayrıca fənn kimi tədris olunmalıdırmı?
Tehsilmedia.org xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, hazırda müxtəlif beynəlxalq imtahanlarda, liseylərə, magistraturaya qəbul imtahanında, eləcə də Türkiyəyə qəbul üçün keçirilən YÖS imtahanlarında məntiq suallarından geniş istifadə olunur:
"Ona görə də orta ümumtəhsil məktəblərində məntiq dərslərinin keçirilməsi yaxşı olardı. Amma bununla yanaşı, hər bir şagirdin məntiqi təfəkkürünün inkişaf etdirilməsi üçün müxtəlif fənlər üzrə məntiqi suallar təqdim olunur. Məsələn, hər hansı mətnin təhlilində məntiqi fikirlərdən istifadə edilir, test tapşırıqlarında və müxtəlif formalı suallarda məntiqi yanaşma tələb olunur. Şagird öz məntiqi təfəkkürünü inkişaf etdirməklə həmin test tapşırıqlarını daha rahat həll edə bilər".
Ekspertin fikrincə, lisey və gimnaziyalara qəbul imtahanlarında, eləcə də müxtəlif qəbul imtahanlarında məntiq suallarının olması fonunda orta ümumtəhsil məktəblərində ayrıca məntiq dərslərinə ehtiyac var.
"Çünki artıq dünyada beynəlxalq imtahanlarda məntiqə əsaslanan suallardan geniş istifadə olunduğunu nəzərə alsaq, orta ümumtəhsil məktəblərində, ən azı aşağı siniflərdə məntiq dərslərinin keçirilməsi məqsədəuyğundur. Məntiq dərslərinin əsas məqsədi şagirdin dünyagörüşünün və məntiqi təfəkkürünün inkişaf etdirilməsi olmalıdır. Bu istiqamətdə dərslərin keçirilməsi uşaqların məntiqi düşünmə qabiliyyətinin inkişafına istər-istəməz təkan verəcək. Bu da gələcəkdə lisey və gimnaziyalara, magistraturaya, eləcə də xarici universitetlərə qəbul imtahanlarında şagirdlərin məntiqi sualları daha rahat mənimsəməsinə və imtahanlarda iştirakına müəyyən qədər müsbət təsir göstərəcək. Ona görə də düşünürəm ki, yuxarı siniflərdə deyil, aşağı siniflərdə, məsələn, ibtidai siniflərdən sonrakı 5-ci, 6-cı və 7-ci siniflərdə məntiq dərslərinin keçirilməsi mütləqdir", - deyə mütəxəssis yekunlaşdırdı.




























