AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Oktyabrın 1-də Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin (MSN) ev sahibliyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Müasir müdafiə sənayesi: innovativ texnologiyalar və inkişaf perspektivləri” mövzusunda panel sessiya keçirilib.
Tehsilmedia.org xəbər verir ki, AzTU rektoru Vilayət Vəliyevin moderatorluğu ilə keçirilən sessiyada Roketsanın Təchizat Zənciri və Logistika üzrə baş direktor müavini Halid Bulut, Türk Aviasiya və Kosmik Sənaye şirkətinin (TUSAŞ) Biznesin inkişafı şöbəsinin müdiri Hasan Adil Öner, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin direktoru Orxan Yusibov, “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin baş direktorunun müşaviri Fərahim Hüseynzadə, Gazi Universitetinin Mexanika mühəndisliyi kafedrasının professoru Mətin Salamcı və İzmir Yüksək Texnologiya İnstitutunun Mexanika mühəndisliyi kafedrasının professoru Mustafa Güden iştirak ediblər.
Panel sessiyada müasir müdafiə sənayesinin inkişafında innovativ texnologiyaların rolu, elmi-tədqiqatların sənaye ilə əlaqələndirilməsi, yeni texnologiyaların tətbiqi və yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, müdafiə sənayesində texnoloji irəliləyiş yalnız laboratoriyalarda aparılan elmi-tədqiqatlarla məhdudlaşmır. Yeni texnologiyaların real məhsul və həllərə çevrilməsi üçün akademik biliklərlə sənaye təcrübəsinin vəhdəti, universitetlərlə şirkətlər arasında davamlı əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Müzakirələr zamanı süni intellekt, robototexnika, pilotsuz sistemlər, qabaqcıl materiallar, aerokosmik texnologiyalar və rəqəmsal istehsal kimi istiqamətlərin müdafiə sənayesində yaratdığı imkanlardan bəhs olunub. Bu texnologiyaların inkişafı ilə yanaşı, onların prototip mərhələsindən sənaye məhsuluna çevrilməsi, istehsalata inteqrasiyası və davamlı təkmilləşdirilməsi üçün elmi və sənaye potensialının bir araya gətirilməsinin vacibliyi vurğulanıb.
Paneldə universitetlərin müdafiə sənayesinin texnoloji inkişafında roluna da xüsusi diqqət yetirilib. Bildirilib ki, müasir mühəndislik təhsili yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmamalı, tələbə və tədqiqatçıların real sənaye layihələrinə cəlb olunmasına, innovativ həllərin hazırlanmasına və elmi nəticələrin praktiki tətbiqinə imkan yaratmalıdır.
Bu baxımdan, AzTU-nun mühəndislik təhsili, elmi-tədqiqat fəaliyyəti və sənaye ilə əməkdaşlıq imkanlarını bir araya gətirməsi müdafiə sənayesi üçün yeni nəsil mütəxəssislərin hazırlanmasına və innovativ layihələrin inkişafına töhfə verə bilər.
Panel sessiya iştirakçılar arasında fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.





























