Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Almaniyanın “Schuhmacher International Personalvermittlung” şirkətinin nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində səfərdə olub.
Tehsilmedia.com xəbər verir ki, alman nümayəndə heyəti Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Peşə Təhsili üzrə Dövlət Agentliyin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində səfərdə olub.
Səfərdə “Schuhmacher International Personalvermittlung” şirkətinin icraçı direktoru İrina Schuhmacher, şirkətin müqavilələr üzrə meneceri Roswitha Günter, heyət üzrə kordinator Rəşad İsmayılov, Dövlət Məşğulluq Agentliyinin xarici işəgötürənlərlə iş şöbəsinin müdiri Nigar Əsgərova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdir müavini, tərəfdaşlarla iş sektorunun müdiri Natavan Ağayeva iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyətinə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, təhsil proqramları, ixtisaslar, tələbə kontingenti, maddi-texniki bazası, beynəlxalq əməkdaşlıq və əmək bazarı ilə əlaqələri barədə məlumat verilib.
Daha sonra qonaqlar Mərkəzin tədris və istehsalat sahələri ilə tanış olublar. Nümayəndə heyəti aşpaz, qaynaqçı, qənnadıçı, avtomobil sürücüsü və elektrik ixtisasları üzrə tədris və praktiki hazırlıq prosesini izləyiblər.
Səfərin növbəti hissəsində aqrar sahə və dual təhsil istiqamətində təcrübə mübadiləsi aparılıb. Almaniyada aqrar sahənin inkişafı, müasir yanaşmalar və texnologiyalar, eləcə də peşə təhsili ilə əmək bazarı arasında əlaqələr barədə təqdimat keçirilib.
Nümayəndə heyəti Qəbələ "Hospitality Group" tərkibində fəaliyyət göstərən otellərdən birinə səfər edərək dual təhsilin təşkili prosesi ilə yerində tanış olub.
Görüş çərçivəsində Almaniyada təcrübədə olmuş, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunları ilə də görüş keçirilib. Məzunların təhsil və əmək təcrübəsi, peşə bacarıqlarının əmək bazarında tətbiqi və karyera imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində peşə təhsili ilə əmək bazarı arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.





























