"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Şəki rayonu Kiçik Dəhnə kəndi 1 nömrəli tam orta məktəbində 20 aydır ocaqçı vəzifəsində çalışan Vəliyev Oğuz Ramazan oğlu məktəb rəhbərliyi və regional təhsil sektorunun özbaşınalığından şikayətçidir.
Tehsilmedia.com qeyd edir ki, özünün ixtisaslı qazanxana operatoru olduğunu, eyni zamanda santexnik və elektrik işlərini də gördüyünü bildirən Oğuz Vəliyev qış mövsümündə gecə-gündüz demədən işləməsinə baxmayaraq, daimi təzyiq və haqsızlıqla qarşılaşdığını deyir. Məşğulluq Agentliyinin göndərişi ilə işə qəbul olunan ocaqçının sözlərinə görə, məktəb direktoru Rüstəmov Tural Adil oğlunun və işinin öhdəsindən gələ bilməyən təhsil sektoru əməkdaşlarının əsas məqsədi onu bezdirərək öz ərizəsi ilə işdən çıxarmaqdır.
Məzuniyyət pulu mənimsənilib, öz hesabına məzuniyyət yazılıb
Oğuz Vəliyev bildirir ki, 2024-2025-ci tədris ilində 21 gün məzuniyyət hüququ olduğu halda vaxtında məzuniyyətə buraxılmayıb və təzminatını ala bilməyib:
"İşim yarımştat daimi və yarımştat mövsümi xarakter daşıyır. Qışda mövsümlə əlaqədar 10 günlük məzuniyyətə çıxmamalıyam, lakin bunun təzminatı ödənilməli idi. Mənə esa qış məzuniyyət pulum ödənilmədi. Məktəb direktoru Tural Rüstəmovun işbilməzliyi və qərəzi ucbatından 21 gün əvəzinə 27 gün məzuniyyət rəsmiləşdirilib və bunun 6 günü mənim xəbərim olmadan şəxsi hesabıma (öz hesabına) yazılıb. Nəticədə 10 günlük işimə cəmi 11 manat 12 qəpik maaş yazılıb."
Təhsil sektorundan gülünc cavab: "Günün 4 saatı işlə, 4 saatı məzuniyyətdə ol"
Haqsızlıqla bağlı Şəki-Zaqatala Regional Təhsil Sektoruna müraciət edən ocaqçı orada da analoji münasibətlə rastlaşıb. Təhsil sektorunda məzuniyyətlə bağlı ona: "Qış vaxtı olduğu üçün günün 4 saatını işləməlisən, 4 saatı isə məzuniyyətdə hesab olunacaqsan" kimi absürd və gülünc cavab verilib.
Maaşlar gecikdirilir, narazılıq edən işdən qovulmaqla hədələnir
Şikayətçi həmçinin maaşların mütəmadi olaraq gecikdirildiyini də vurğulayıb. Məktəbin keçmiş mühasibi Arzu xanım tərəfindən 2024-cü ilin dekabr ayında maaş 5 gün gecikdirilib, 2025-ci ilin fevral ayının maaşı isə ümumiyyətlə verilməyərək yalnız mart ayında martın maaşı ilə birgə ödənilib.
Yayda 208 manat, qış rejimində isə 416 manat maaş aldığını deyən Oğuz Vəliyev hər ay zəhmət haqqını dava-dalaşla aldığını bildirir. Bütün bu haqsızlıqlara qarşı öz haqlı narazılığını bildirəndə isə məktəb direktoru Tural Rüstəmov tərəfindən birbaşa işdən qovulmaqla hədələnir.
İxtisaslı işçi aidiyyəti qurumlardan Şəki rayonu Kiçik Dəhnə kəndi 1 nömrəli tam orta məktəbindəki bu özbaşınalığın araşdırılmasını və pozulmuş əmək hüquqlarının bərpa olunmasını tələb edir.



























