Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun daha yüksək vəzifəyə — elm və təhsil naziri postuna irəli çəkiləcəyi iddia olunur.
Bizimesr.media-nın əldə etdiyi məlumata görə, son aylarda Eşqi Bağırovun fəaliyyəti ilə bağlı aparılan qiymətləndirmələrin nəticələri müsbət olub. Mənbələrin bildirdiyinə görə, onun təhsil sahəsindəki fəaliyyəti, müxtəlif rəhbər vəzifələrdə qazandığı təcrübə, idarəetmə bacarığı və həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.
Məlumata əsasən, son dövrlərdə Eşqi Bağırovun vəzifədən uzaqlaşdırılacağı ilə bağlı müxtəlif iddialar yayılsa da, həmin məlumatlar öz təsdiqini tapmayıb. O, hazırda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir.
Məlumata görə, məhz bu amillər Eşqi Bağırovun Elm və Təhsil Nazirliyinə rəhbərlik edəcək əsas namizədlərdən biri kimi qiymətləndirilməsinə səbəb olub.
Eyni zamanda, əldə olunan məlumata görə, hazırkı elm və təhsil naziri Emin Əmrullayevin başqa dövlət vəzifəsinə təyin olunacağı, bundan sonra isə Eşqi Bağırovun rəhbərliyi altında təhsil sahəsində yeni islahat mərhələsinin başlanacağı gözlənilir.



























