Yenə səhv suallar, yenə müəllimlərin taleyi ilə oynanılmağa davam edir...
Son günlər təhsil ictimaiyyəti növbəti dəfə təəssüf və təəccübqarışıq bir hiddətlə qarşı-qarşıyadır. Əvvəlcə müəllimlərin sertifikatlaşdırma imtahanlarında kütləvi narazılıqlara səbəb olan cavablar və səhv tərtib olunmuş suallar gündəmə gəldi, indi isə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanlarının nəticələri açıqlandı və... tam 8 sualda səhv aşkarlandı! On minlərlə müəllimin, gənc mütəxəssisin gələcəyini, taleyini və illərlə çəkdiyi əməyi həvalə etdiyi bir sistemdə bu qədər "texniki və ya məzmun xətası"nın olması artıq sıradan bir diqqətsizlik deyil, sistemli bir məsuliyyətsizliyin göstəricisidir.
Elm və Təhsil Nazirliyinin, MÜTDA və ARTİ-nin bu mənzərə qarşısında verəcəyi cavablar təkcə imtahan ballarının bərpası ilə bitə bilməz. Cəmiyyəti, xüsusən də gecəsini gündüzünə qataraq bu imtahanlara hazırlaşan müəllimləri açıq və dürüst cavab gözləyən suallar rahat buraxmır:
1. Sertifikatlaşdırma və MİQ imtahanlarının təşkilinə, proqram təminatına, suallarınırlanmasına və ya ekspertizasına cəlb olunmuş şəxslər hansı meyarlar əsasında seçilib?
2. Sualların tərtibi və test sisteminin qurulması üçün dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq şəffaf tender keçirilibmi?
3. Əgər tender keçirilibsə, bu satınalmada hansı şirkətlər qalib gəlib və onlara dövlət büdcəsindən neçə manat vəsait ödənilib?
4. İctimaiyyətə açıqlanmayan bu müqavilələrin arxasında dayanan keyfiyyət standartı budursa, xərclənən milyonların hesabatını kim verəcək?
Hər il təkrarlanan, lakin bu il pik nöqtəsinə çatan bu kütləvi xətalar — 8 sualın birdən ləğv edilməsi və ya cavabının dəyişdirilməsi — sadəcə "üzrlü hesab edin" deyərək keçilə bilməz.
Bu qədər kobud səhvlərə yol verən, sualları ekspertizadan keçirən müvafiq komissiya üzvləri və imtahan prosesinə rəhbərlik edən məsul şəxslər barəsində hansı intizam tədbirləri görüləcək?
On minlərlə müəllimin psixoloji gərginlik yaşamasına, sistemə olan inamının sarsılmasına səbəb olan şəxslərin vəzifələrindən kənarlaşdırılması (istefası)gözlənilirmi?
Yoxsa məsuliyyət dərəcəsi yenə də anonim ekspertlərin üzərində "əriyib" gedəcək?
Müəllimə "sən özünü təsdiq etməlisən" deyərək onu imtahan otaqlarına toplayan bir qurum, əvvəlcə öz imtahan suallarının dürüstlüyünü və keyfiyyətini təsdiq etməyə borcludur. Şagirdinə bir hərf səhvinə görə bal kəsən sistemin, öz taleyüklü imtahanlarında 8 sual səhv buraxıb "nə olsun ki?" rahatlığı ilə çıxış etməsi heç bir məntiqə və ədalət prinsipinə sığmır.
P.S. İnanmaq istərdik ki, qanunvericiliyə uyğun olaraq Elm və Təhsil Nazirliyindən on minlərlə müəllimi və bütün ictimaiyyəti düşündürən bu suallara standart və şablon yox, həqiqətən də səhv olmayan, şəffaf cavablar ala biləcəyik. Müəllim adının və təhsilin gələcəyinin səhv sualların kölgəsində qalmağa haqqı yoxdur!



























