"Biz kimisə direktor işləməyə məcbur etməmişik" - Nazirdən məktəb rəhbərlərinə çağırış
"Bizim təhsil sistemi bütün mahiyyətə baxanda, biz ən yaxşılara həmişə fokus oluruq. Yəni təbii ki, yaxşı nəticə göstərən adamlara mükafat da vermək lazımdır, onları həvəsləndirmək də lazımdır, heç kim bunu inkar etmir. Amma bu həmişə və daimi olanda, bu o qədər də yaxşı deyil".
Tehsilmedia.com xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev bildirdi.
"Siz həmişə 600 bal yığan, olimpiada qalibləri olan uşaqlarla işləsəniz, onlar çox azdır. Həmin uşaqlar onsuz uğurlu olacaq. Onların uğurlu olması üçün nə sizə, nə mənə, nə bizə ehtiyacları çox deyil. Çünki insan istedadlıdırsa, o ya bu mühitdə, ya o biri mühitdə, ya da o birisi mühitdə mütləq ki, uğur qazanacaq. Amma nisbətən dəstəyə ehtiyacı olan insana dəstək olanda həm onun nəticəsi artır, həm ölkənin nəticəsi artır, həm də onun da dəstəyə ehtiyacı var. Yəni sizə ehtiyacı var. Bu mənada düşünürəm, həm pedaqoji, həm ümumi yanaşmalardan bu çox vacibdir".





























