“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
“Hər bir müəllimin süni intellekt assistenti olmalıdır”.
Bunu təhsil işçilərinin sentyabr konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.
Bəs maraqlıdır, süni intellekt (Sİ) assisenti müəllimlərə daha keyfiyyətli dərs deməyə kömək ola biləcəkmi?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirib ki, DİM sədri Məleykə Abbaszadənin fikri təhsilin qarşıdakı mərhələsi baxımından kifayət qədər aktual hesab edilməlidir:
“Çünki süni intellekt müəllimin yerinə dərs demək üçün deyil, müəllimin vaxtını alan çoxsaylı texniki işləri yüngülləşdirmək üçün ciddi imkan yaradır. Dərs planının hazırlanması, müxtəlif səviyyələr üçün tapşırıqların tərtibi, mətnlərin uyğunlaşdırılması, ilkin qiymətləndirmə və şagird nəticələrinin təhlili kimi işlərdə Sİ müəllimin real köməkçisinə çevrilə bilər. Lakin müəllimə süni intellektdən istifadə etməyə imkan vermək hələ süni intellektdən səmərəli istifadə edən müəllim yaratmaq demək deyil. Bunun üçün pedaqoqun həm rəqəmsal, həm də Sİ savadlılığı artırılmalıdır. Müəllim bilməlidir ki, hansı işi Sİ-yə həvalə etmək olar, hansı nəticəni mütləq yoxlamaq lazımdır və ən əsası, texnologiyanın verdiyi cavabı pedaqoji qərarla necə birləşdirmək mümkündür”.
Müsahibimiz qeyd etdi ki, Sİ-nin müəllimin peşəkar məsuliyyətini əvəz etməsinə yol vermək olmaz:
“Şagirdin emosional vəziyyətini, sinifdəki münasibətləri, motivasiyanı, uşağın hansı anda dəstəyə ehtiyacı olduğunu yalnız texnologiyanın hesablamaları ilə müəyyən etmək mümkün deyil. Təhsilin insan tərəfi həmişə müəllimin üzərində qalacaq. Sİ müəllimi əvəz edə bilməz, çünki təhsil həm də emosional və sosial prosesdir. Lakin Sİ-dən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcəkdir”.




























