Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
4 ildə keyfiyyət yarada bilməyən ali təhsil sistemi, 3 ildə keyfiyyət yarada bilməz. Buna islahat demək olmaz.
Son illərdə Azərbaycanda ali təhsilin bakalavr pilləsinin dörd ildən üç ilə endirilməsi ideyası tez-tez müakirə edilir. Bu ərəfədə Milli məslidə də bu fikir səsləndi. Bu təklif ilk baxışda cəlbedici görünə bilər. Bəzi ölkələrin də üçillik bakalavr proqramları mövcuddur. Deməli, belə bir model mümkündür. Amma baxır bu model hansı mühitdə səmərəli ola bilər? Başqa ölkələrdə işləyən bu model Azərbaycanda da işləyə bilərmi?
Təhsil islahatında əsas məsələ hansı ölkədə neçə il oxumaq deyil. Əvvəl öyrənməliyik ki, bu ölkələr üç ildə hansı səriştələri, hansı akademik mühitdə, hansı müəllim heyəti, hansı məktəb hazırlığı, hansı keyfiyyət təminatı mexanizmləri ilə formalaşdırırlar?
Təhsil müddəti hələ keyfiyyət demək deyil
Bakalavrın üç və ya dörd il olması öz-özlüyündə hələ keyfiyyət göstəricisi deyil. Üçillik bakalavr təhsili mümkündür. Dördillik bakalavr da mümkündür. Hətta bəzi ixtisaslarda daha uzun hazırlıq müddəti tələb edilə bilər. Mühüm olan təqvim ili deyil, akademik yük və öyrənmə nəticələridir.
Belə bir zəncirvari prosesə nəzər salaq: təhsil müddəti → akademik yük → tədris keyfiyyəti → tələbənin giriş səviyyəsi → müəllim səriştəsi→ kurikulum → praktika → qiymətləndirmə → məzun nəticələri. Əgər bu zəncirin əsas elementləri zəifdirsə, dörd ili üç ilə endirməklə keyfiyyət yaranmayacaq. Əksinə, mövcud çatışmazlıqlar daha da sıxılmış formada tələbənin üzərinə yüklənəcək.
Əsas problem 4 il deyil
Azərbaycan ali təhsilində problem bakalavrın dörd il oxuması deyil. Bəs bu dörd ildə tələbəyə konkret olaraq nə öyrədə bilirik: məzun hansı peşə səriştələrinə malikdir? hansı problemləri müstəqil həll edə bilir? elmi mənbə ilə işləyə bilirmi? analitik düşünə bilirmi? yazılı və şifahi kommunikasiya bacarığı nə səviyyədədir? rəqəmsal və Sİ savadlılığı varmı? xarici dildə peşəkar mənbəni oxuya bilirmi? real layihə həyata keçirə bilirmi? əmək bazarının tələblərinə cavab verirmi?
Əgər bu suallara cavab zəifdirsə, onda problemin səbəbini təhsil müddətində axtarmaq düzgün deyil. Əgər dörd ildə nəticə əldə edə bilmiriksə, problemin həlli təhsil müddətini azaldıb üç il etməkdə də deyil. Əvvəlcə dörd ildə niyə nəticə əldə etmədiyimizi müəyyənləşdirməliyik.
Bəzi ölkələrdə belədir, arqumenti elmi yanaşma deyil
Təhsil siyasətində ən təhlükəli yanaşmalardan biri selektiv beynəlxalq müqayisədir. Hansısa ölkənin yalnız bir parametrini götürüb deyirik: onlarda bakalavr təhsili üç ildir, qoy bizdə də belə olsun. Sonra da həmin modeli Azərbaycana gətirmək istəyirik. Amma həmin ölkənin digər parametrlərini nəzərə almırıq: orta məktəbin keyfiyyəti; qəbul mexanizmi; tələbənin giriş səriştələri; müəllim heyətinin akademik səviyyəsi; universitetlərin tədqiqat imkanları; laboratoriyalar; kitabxana və elektron resurslar; tələbə-müəllim nisbəti; akademik müstəqillik; əmək bazarı ilə əlaqə; akkreditasiya və keyfiyyət təminatı; universitetlərin maliyyələşməsi; akademik mədəniyyət; tələbənin müstəqil öyrənmə səviyyəsi.
Boloniya prosesində də brelə etdik. Hamı qoşulur, biz də qoşulaq (qonşudan qalma geri prinsipi ilə). Amma bu qonşular 10 il ərzində bütün zəruri layihələri maliyyələşdirdilər və icra etdilər. İndi onların universitetləri Avropa səviyyəsinə xeyli yaxınlaşıb. Biz isə 20 ildə heç nə etmədik. İndi də hardasa, hansısa, təcrübəni görüb, təhlil etmədən, imkanlarımızı tam qiymətləndirmədən tələsik qərar qəbul etmək istəyirik. Əminəm ki, bu tələsik, yarımçıq elmi təhlilə əsaslanmayan qərar, bütün əvvəlki təhsil qərarları kimi ziyanlı və faydasız olacaqdır.
Təhsil modeli bir elementdən ibarət deyil. Üçillik bakalavrın uğuru onu əhatə edən ekosistemin məhsuludur. Bu ekosistem yoxdursa, yalnız müddəti köçürmək təşkilati transfer deyil, təşkilati imitasiyadır.
Biz əvvəlcə “giriş keyfiyyəti” problemini həll etməliyik
Azərbaycan ali təhsilinin ən ciddi problemlərindən biri universitetə daxil olan tələbənin hazırlıq səviyyəsidir. Unutmayaq ki, DİM 2026 hesabatında qeyd edilirdi ki, məktəb məzunları məktəb proqramını 40 % həcmində mənimsəyirlər. Əgər tələbə ali məktəbə fundamental riyaziyyat, akademik yazı, oxuyub-anlama, xarici dil, informasiya savadlılığı və müstəqil öyrənmə bacarıqları zəif olaraq gəlirsə, universitetin ilk illərinin əhəmiyyətli hissəsi həmin boşluqların kompensasiyasına sərf olunur. Unutmayaq ki, bizdə hələ də 150-300 bal arası qəbul olunan xeyli tələbə var, hansılara ki, əslində heç attestat da düşmür, nəinki tələbə bileti.
Proqramı 40 % mənimsəyən tələbəyə üçillik bakalavr nə verə bilər?
Universitet zəif tələbəyə həm məktəbin tamamlamalı olduğu bilikləri, həm də ali peşə təhsili biliklərini verməlidir, özü də daha qısa müddətdə.
Bu əlavə olaraq yeni problemlər yaradacaq:
1. Təhsil müddət qısalır, amma öyrənmə nəticələri eyni qalırsa, proqramda sıxılma yaranır; öyrənmə nəticələri zəifləyir, islahat formal xarakter daşıyır.
2. Universitetlərin təşkilati tutumu. Üçillik bakalavr yüksək intensivlikli akademik model tələb edir. Tələbə daha az vaxtda daha çox nəticə əldə etməlidir. Bunun üçün universitetdə güclü professor-müəllim heyəti; müasir kurikulum; çevik akademik təqvim; keyfiyyətli laboratoriya; layihə əsaslı təhsil; güclü rəqəmsal infrastruktur; akademik məsləhətçilik; fərdi dəstək; güclü kitabxana və məlumat bazaları; effektiv karyera xidmətləri; ciddi daxili və xarici keyfiyyət təminatı olmalıdır. Əks halda üçillik proqram sadəcə dörd illik proqramın məzmununun sıxışdırılmış versiyası olacaq. Bu isə təhsil transformasiyası deyil.
Ən pis variant 4 illik proqramı 3 ilə sıxışdırmaqdır
Əgər üçillik modelə keçilirsə, ən böyük səhv mövcud proqramı dəyişmədən onun müddətini azaltmaqdır. Məsələn, 4 il × mövcud məzmun = 3 il × ?. Bu riyazi baxımdan mümkün deyil. Nəticədə, ya tələbənin akademik yükü həddindən artıq artacaq, ya bəzi fənlər formal şəkildə keçiləcək, ya da öyrənmə nəticələrinin bir hissəsi ixtisar ediləcək. Ona görə də üçillik bakalavr haqqında danışırıqsa, ilk növbədə kurikulum mühəndisliyi aparılmalıdır.
Bəs bakalavr üç il ərzində hansı minimum və maksimum səriştəyə yiyələnməlidir? Daha sonra həmin nəticələrdən geriyə doğru addımlayaraq yeni kurikulum qurulmalıdır. Bu proses təlim nəticələrinə əsaslanan tədris proqramının hazırlanmasıdır.
Magistratura da bu dəyişiklikdən kənarda qala bilməz
Bakalavrı üç ilə endirib magistraturanı olduğu kimi saxlamaq da düz qərar deyil. Bu halda bakalavr və magistratura arasında funksional bölgü yenidən müəyyənləşdirilməlidir. Bakalavr fundamental bilik + peşə səriştəsi + analitik düşüncə + tədqiqat savadlılığı formalaşdırmalıdır. Magistratura isə ixtisaslaşma + tətbiqi tədqiqat + innovasiya + qabaqcıl peşə səriştəsi üzərində qurulmalıdır. Əks halda, magistratura, bakalavrda yaranmış boşluqları doldurmaq üçün “səriştə pilləsi”nə çevrilə bilər (necə ki, bakalavr pilləsi məktəb boşluğunu doldurmalı olurdu). Bu, ali təhsilin struktur problemini həll etməyəcək.
Əvvəlcə diaqnostika, sonra qərar
Azərbaycanda bakalavrın üçillik modelinə keçid müzakirəsi müddət məsələsindən başlamamalıdır. Əvvəlcə milli səviyyədə “ali təhsilin öyrənmə nəticələrinin auditi” keçirilməlidir. Hər ixtisas üzrə aşağıdakı suallar cavablandırılmalıdır:
1. Birinci kursa daxil olan tələbənin real səriştəsi nədir?
2. Birinci kursun sonunda nə dəyişir?
3. İkinci kursda hansı səriştələr formalaşır?
4. Məzun hansı nəticələri nümayiş etdirə bilir?
5. İşəgötürən məzunun hazırlığını necə qiymətləndirir?
6. Məzunların əmək bazarına keçidi nə qədər uğurludur?
7. Magistraturaya daxil olanların hansı bilik boşluqları var?
8. Universitetlər arasında nəticələr nə qədər fərqlənir?
9. Eyni ixtisas üzrə müxtəlif universitetlərin məzun nəticələri müqayisə ediləndə nə görünür?
Bu məlumatlar olmadan 3 il, yoxsa 4 il, hansı daha yaxşıdır, demək elmi baxımdan düz olmazdı.
Azərbaycan üçün daha rasional model diferensial bakalavr ola bilər
Mən prinsip etibarı ilə 3 üçillik təhsil modelinə tam qarşı deyiləm, əgər bu keçid normal qurularsa. Amma onu bütün universitetlərə və bütün ixtisaslara inzibati qaydada tətbiq etmək düz deyil. Daha rasional variant diferensial modeldir. Məsələn:
I kateqoriya — 3 illik bakalavr. Yalnız akademik və təşkilati hazırlığı yüksək olan universitetlərdə və uyğun ixtisaslarda bu mümkündür. Bunun üçün isə bu şərtlər nəzərə alınmalıdır: akkreditasiya nəticələri; yüksək tələbə nəticələri; güclü müəllim heyəti; müasir kurikulum; əmək bazarı ilə uyğunluq; beynəlxalq keyfiyyət göstəriciləri.
II kateqoriya — 4 illik bakalavr. Ənənəvi modelin təkmilləşdirilmiş forması.
III kateqoriya — 4+ və ya inteqrasiya olunmuş uzunmüddətli proqram. Tibb, mühəndislik, müəllim hazırlığı və digər xüsusi peşə sahələrində kompetensiyaların xarakterindən asılı olaraq.
Beləliklə, “hamıya üç il” yanaşmasının əvəzinə “nəticəyə görə müddət” prinsipi tətbiq edilə bilər.
Əsl islahat müddəti azaltmaq deyil
Azərbaycan ali təhsilində əsas problem diplomun neçə ilə verilməsində deyil. Problem diplomun arxasında hansı real insan kapitalının dayanmasındadır. Əgər üç il ərzində yüksək səviyyəli mütəxəssis hazırlaya biləcəyiksə, üçillik model yaxşı nəticə verə bilər. Əgər dörd il ərzində belə nəticə əldə edə bilmiriksə, sadəcə üç ilə keçməklə problemi həll edə bilmərik. Hətta əksinə, problemi daha da dərinləşdirə bilərik.
Ona görə təhsil siyasətində mühüm bir qaydaya əməl etməliyik: əvvəlcə nəticəni müəyyənləşdir, sonra ona çatmaq üçün lazım olan müddəti müəyyən et. Təhsil müddətini əvvəlcədən müəyyən edib sonra həmin müddətə uyğun nəticə axtarmaq tərsinə qurulmuş təhsil siyasətidir. Hərçənd, E. Əmrullayev etiraf etdiyi kimi, bizim təhsil sanki, tərsinə qurulub.
Azərbaycan əvvəlcə öz universitet modelini yaratmalıdır
Bizim problemimiz dünyada hansı universitetlərin üç il, hansıların dörd il təhsil verməsi deyil. Problemimiz Azərbaycan universiteti hansı səviyyəli məzun hazırlamasıdır kimidir. Əgər bu suala obyektiv cavab verə bilmiriksə, təhsil müddətinin dəyişdirilməsi ikinci dərəcəli məsələdir.
Azərbaycanın xarici təcrübədən öyrənməyə ehtiyacı var. Lakin təcrübəni olduğu kimi, heç bir adaptasiya etmədən, keyfiyyət amilini nəzərə almadan köçürmək yox, onun arxasındakı təşkilati mexanizmləri anlamaq lazımdır.
Biz Finlandiyanın, Almaniyanın, Böyük Britaniyanın, ABŞ-ın, Türkiyənin və digər ölkələrin ayrı-ayrı elementlərini götürüb “mozaik” təhsil sistemi yarada bilmərik. Unutmayaq ki, bizim universitetlərimiz onlardan 15-20 il geridədir.
Biz əvvəlcə təyin etməliyik ki, konkret Azərbaycan universitetinin 2035-ci ildə məzunu necə olmalıdır? Daha sonra, təyin etməliyik ki, bu məzunu hansı kurikulum, hansı müəllim, hansı universitet mühiti, hansı qiymətləndirmə və maliyyələşmə modeli ilə hazırlaya bilərik? Yalnız bundan sonra bu nəticəyə üç, dörd, yoxsa beş ilə çatmağın mümkünlüyünü təyin etməliyik. Məhz bu yanaşma elmi təhsil siyasətidir. Əks halda, biz yenə sistemin nəticələrini dəyişmək əvəzinə, onun formal parametrlərini dəyişmiş olacağıq.
Azərbaycan ali təhsilinə daha az vaxt yox, daha çox keyfiyyət, daha güclü universitet, daha yaxşı müəllim, daha ciddi tədqiqat, daha peşəkar idarəetmə lazımdır. 4 ildə keyfiyyət yarada bilməyən ali təhsil sistemi 3 ildə keyfiyyət yarada bilməz.
Dosent İlham Əhmədov




























