Sevinc Orucovanı, prezidentin imzası və nazirin qərarını heçə sayacaq qədər arxayın edən NƏDİR??
44 il müəllimlik. “Əməkdar müəllim” fəxri adı. Prezident təqaüdü. 94 bal sertifikatlaşdırma nəticəsi. Və bütün bunların qarşısında — direktor qərarı.
Söhbət Heydər Əliyev adına liseyin biologiya müəllimi Nəzakət Məmmədovadan və qərarın müəllifi kimi adı çəkilən həmin liseyin direktoru Sevinc Orucovadan gedir.
Nəzakət Məmmədova 44 il pedaqoji fəaliyyət göstərib. “Əməkdar müəllim” fəxri adına, Prezident təqaüdünə və dövlət təltiflərinə layiq görülüb.
Yaş həddinə çatdıqdan sonra belə könüllü şəkildə sertifikatlaşdırmaya qatılıb: 54 bal — imtahan, 40 bal — müsahibə, 94 bal — ümumi nəticə.
Bəs sonra?
Əmək fəaliyyətinin davam etdirilməsi məsələsində niyə bu göstəricilər qarşısında suallar yaranır?
Biz bu sualı sadəcə sosial şəbəkədə vermədik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi informasiya sorğusu göndərdik və konkret cavablar istədik.
Sorğuda Nəzakət Məmmədovanın əmək fəaliyyətinin davam etdirilməsi, sertifikatlaşdırma nəticəsinin nəzərə alınıb-alınmaması və biologiya üzrə dərs yükünün bölgüsü barədə suallar qoyuldu. Biologiya üzrə 30 saatlıq dərs yükünün necə bölüşdürüldüyünü də soruşduq.
BŞTİ-nin cavabında 3 müəllim və 30 saat dərs yükü barədə məlumat verildi. Amma məsələ bununla bitmir. Çünki ortada daha böyük bir sual var.
DÖVLƏT BAŞÇISININ VERDİYİ QİYMƏT BİR TƏRƏFDƏ, DİREKTORUN QƏRARI DİGƏR TƏRƏFDƏ
Nəzakət Məmmədovanın “Əməkdar müəllim” fəxri adına və Prezident təqaüdünə layiq görülməsi dövlət səviyyəsində verilmiş qiymətdir. Bəs bu qiymət məktəb rəhbərliyinin qərarında hansı formada nəzərə alınıb?
İndi isə məsələnin ikinci tərəfi ortaya çıxır.
Nazirin müəllimlərin fəaliyyəti, təcrübəsi və yaş həddinə çatmış pedaqoqlara münasibətlə bağlı səsləndirdiyi mövqelər də var. Əgər nazirliyin rəhbərliyi müəyyən yanaşma ortaya qoyursa, həmin yanaşmanın məktəblərdə necə tətbiq olunması ayrıca sualdır. Əgər Sevinc Orucovanın qəbul etdiyi qərar həmin mövqe ilə ziddiyyət təşkil edirsə, onda daha bir sual yaranır: direktor nazirin mövqeyini də nəzərə almırmı? Bu, artıq yalnız Nəzakət Məmmədovanın məsələsi deyil. Bu, idarəetmə məsələsidir.
Nazirliyin müəyyən etdiyi yanaşma məktəb direktorunun qərarında necə əks olunur? Məktəb rəhbəri hansı normativ sənədə, hansı meyara və hansı göstərişə əsaslanır?
Əgər direktorun qərarı nazirliyin mövqeyi ilə uyğun gəlirsə — sənədi ortaya qoymaq kifayətdir. Əgər uyğun gəlmirsə — onda bunun səbəbi izah edilməlidir. Çünki bir məktəbdə direktorun qərarı ilə nazirliyin mövqeyi arasında ziddiyyət yaranırsa, bunun cavabını ilk növbədə həmin qərarı qəbul edən rəhbərlik verməlidir.
Və bütün bunların fonunda bir sual daha da böyüyür:
SEVİNC ORUCOVA KİMƏ ARXAYINDIR?
Prezidentin imzası ilə verilmiş dövlət qiymətləri nəzərə alınmırsa... Nazirliyin mövqeyi nəzərə alınmırsa...44 illik pedaqoji fəaliyyət və 94 ballıq sertifikatlaşdırma nəticəsi də məsələyə təsir etmirsə...Bəs hansı meyar əsas götürülür?
Biz bu sualın cavabını şəxslərdən deyil, sənədlərdən gözləyirik. Çünki təhsildə idarəçilik şəxsi münasibətlərlə deyil, qanun, meyar və sənədlə ölçülməlidir.
Təhsilmedia.com bu məsələni araşdırmağa davam edir.




























