MİQ-də pedaqoji məzunların problemi: "Praktiki biliklər yetərli deyil"
Universiteti bitirən gəncin əlində diplom olsa da, bu, onun əmək bazarında asanlıqla iş tapacağı anlamına gəlmir. Xüsusilə yeni məzunların ixtisasları üzrə işə başlamasında praktiki bilik və bacarıqların yetərli olmaması ciddi çətinlik yaradır.
Bəs ali təhsil müəssisələri məzunları əmək bazarına nə dərəcədə hazırlaya bilir?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, gənclərin, xüsusilə yeni məzunların əmək bazarına daxil olması olduqca çətindir.
Ekspertin sözlərinə görə, bunun əsas səbəblərindən biri ali təhsil müəssisələrində ixtisaslar üzrə praktiki biliklərin kifayət qədər verilməməsidir:
“Əgər hər hansı universitet tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqları da yetərincə öyrədə bilsə, gənclər ali məktəbi başa vurduqdan sonra əmək bazarına daha rahat inteqrasiya oluna bilərlər.
Məsələn, işəgötürən hər hansı sahə üzrə vakansiya elan edir və müraciət edənlər arasında universitet məzunları da olur. Lakin müsahibə zamanı tez-tez məlum olur ki, ixtisasını bitirmiş gəncin həmin sahə üzrə kifayət qədər bilik və praktiki bacarığı yoxdur.
Əlbəttə, bunu bütün universitetlərə şamil etmək olmaz. Çünki bəzi ali təhsil müəssisələrində praktiki biliklərin tədrisi yüksək səviyyədə həyata keçirilir. Lakin bir çox universitetdə vəziyyət o qədər də ürəkaçan deyil.
Xüsusilə pedaqoji ixtisasları bitirən gənclər MİQ imtahanında iştirak edərkən və ya nəticə göstərərkən çətinliklərlə qarşılaşırlar. Niyə? Axı onlar ali məktəbi bitiriblər. Bu bilik və bacarıqlar ali təhsil müəssisəsində öyrədilməli və praktiki məşğələlər vasitəsilə mənimsədilməlidir.
Hesab edirəm ki, ali təhsil müəssisələrimizdə praktiki biliklərə daha çox üstünlük verilməlidir”.




























