Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ
İmmunomodulyatorlar, yüksək dozada C vitamini, fitoterapiya, exinasiyalı şərbətlər və immuniteti "tez gücləndirdiyi" iddia edilən digər vasitələr dərs ilinin əvvəlində məktəbliləri kəskin respirator virus infeksiyalarından (KRVİ) qorumur.
Tehsilmedia.com azedu.az-a istinadən xəbər verir ki, pediatr Yekaterina Melnik bu barədə Gazeta.ru-ya danışıb.
Həkimin sözlərinə görə, immunitet bir tabletlə məqsədyönlü şəkildə təsir göstərilə bilən sadə mexanizm deyil, mürəkkəb bioloji sistemdir. Məktəb yaşlı uşağın ildə 6-8 dəfə respirator virus infeksiyasına yoluxması, xəstəlik ağır fəsadlar olmadan keçdiyi halda, fizioloji norma hesab olunur.
Sentyabr ayı ərəfəsində valideynlər ənənəvi olaraq bioloji aktiv qida əlavələri (BAQ) almaq üçün apteklərə üz tuturlar. Ən populyar vasitələrdən biri exinasiyalı şərbətlərdir. Bunlar bənövşəyi exinaseya bitkisinin ekstraktını ehtiva edən maye formalı BAQ-lardır. Exinaseyanın immun hüceyrələrinin fəaliyyətini gücləndirdiyi iddia edilir.
Lakin həkimin sözlərinə görə, uşaqlarda bu cür vasitələrdən istifadə təhlükəli ola bilər.
"Exinaseya preparatları güclü allergik reaksiyalar riski daşıyır. Eyni hal C vitamininin yüksək dozalarına və fitopreparatlara da aiddir. Onların profilaktik qəbulu uşaqlarda KRVİ-yə yoluxma tezliyini azaltmır", - deyə ekspert xəbərdarlıq edib.
Həkim immunomodulyatorların istifadəsinə də münasibət bildirib.
"Satışda olan immunomodulyatorların və geniş təsir spektrli antiviral vasitələrin əksəriyyətinin effektivliyini təsdiqləyən klinik sübutlar yoxdur və bu preparatların təsiri tədqiqatlarla təsdiqlənməyib. Laboratoriya ilə təsdiqlənmiş çatışmazlıq olmadığı halda orqanizmi sintetik stimulyatorlarla yükləmək yalnız qorunma illüziyası yaradır və uşağın qaraciyər və böyrəklərinə düşən yükü artıra bilər", - deyə Melnik qeyd edib.





























